Ermənilər Obamanı Yerevana gətirmək istəyirlər - Qiymətdə hələ razılaşmayıblar


Qabaqcıl texnologiyalar şirkətləri birliyi (UATE) ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ofisi ilə onun Ermənistana gəlməsi üçün danışıqlar aparır.

Yeniavaz.com "Sputnik Ermənistan"a istinadən bildirir ki, bunu jurnalistlərə UATE-nin sədri Aleksandr Yesayan deyib. 

Bir müddət öncə mətbuatda Obamanın Yerevana gələ biləcəyi xəbəri yayılıb. Oktyabrda bu şəhərdə Ümumdünya İnformasiya Texnologiyaları Konqresinin forumu keçirilməsi planlaşdırılır (WCIT).  Qeyd olunur ki, Obamanın birgünlük səfəri və yarım saatlıq çıxışı bir neçə yüz min dollara başa gəlir. Adətən eks-prezident bir nitqinə görə 400 mindən 800 min dollaradək ödəniş tələb edir. Bu dəfə ermənilərdən nə qədər istəyəcəyi hələ ki, məlum deyil.

Bu məlumatları şərh edən Yesayan deyib ki, danışıqlar artıq 4 aydır aparılır, ancaq dəqiq məlumatları hələ açıqlaya bilməz.

Yesayan, həmçinin forumu açıq elan edəcək adamın adını da gizli saxlayıb, amma qeyd edib ki, bu, çox tanınmış bir insandır. 

UATE rəhbərinin sözlərinə görə, forumu sponsorlar maliyyələşdirəcəklər, hökumət də hər cür dəstək verir, ancaq təşkilatçılar büdcə pullarına toxunmaq istəmirlər.

Mətbuatda, həmçinin Reddit saytının banisi, amerikalı milyoner Aleksis Ohanyanın da oktyabrın 6-9-da Yerevanda keçiriləcək WCIT forumuna qatılacağı xəbəri yayılıb.

Ümumdünya İnformasiya Texnologiyaları Konqresinin (WCIT) forumunda 60 ölkədən iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top