
Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkiləri barədə qalmaqallar hələ də davam etməkdədir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara bələdiyyəsindən verilən məlumatlar, bələdiyyəyə seçkilərdən əvvəl rəhbərlik edən AKP-nin, seçkilərin tarixi məlum olduqdan sonra quruma qeyri-etik şəkildə 853 nəfər əməkdaş cəlb etdiyini göstərir.
Bu müddət Türkiyənin Ali Seçki Qurumu YSK-nın 13 dekabr 2018-ci ildə rəsmi qəzetdə seçki tarixini yayımlamasından, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Mansur Yavaşın Ankaranın bələdiyyə mandatını aldığı 8 aprel 2019-cu ilə qədər olan 116 günlük dövrü əhatə edir.
853 nəfərdən 110-u bələdiyyənin kollektivinə, 28-i quruma bağlı idarələrə, 715-i isə qurumun tabeçiliyində olan şirkətlərə işə götürülüb. Bundan əlavə seçkilərin keçirildiyi 31 mart tarixindən, bələdiyyənin təhvil verildiyi 8 aprel tarixinə kimi, yəni 8 gündə daha 117 nəfər bələdiyyənin kollektivinə cəlb olunub. İşə götürülən bu şəxslərlə bağlı araşdırma başladılıb.