Son 7 ayda Azərbaycanda içki və siqaretə 1 milyard manat xərclənib


Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9% üstələyərək 21,1 milyard manata bərabər olub.
Yeniavaz.com xəbər verir ki, ticarət dövriyyəsinin 10,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-iyul aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5% və 3,2% artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,4%-i ərzaq məhsullarının (9 milyard 587,9 milyon manat), 4,8%-i içkilər və tütün məmulatlarının (998,4 milyon manat), 17,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların (3 milyard 777,9 milyon manat), 6%-i elektrik malları və mebellərin (1 milyard 265,1 milyon manat), 5,5%-i avtomobil yanacağının (1 milyard 155,2 milyon manat), 1,3%-i əczaçılıq və tibbi malların (276,1 milyon manat), 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının (173,5 milyon manat), 18,3%-i isə digər qeyri-ərzaq məhsullarının (3 milyard 874,2 milyon manat) alınmasına sərf olunub.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
 

DİGƏR XƏBƏRLƏR

Top