
Avqust ayının 4-də Türkiyə ordusu dünyada ilk dəfə real arenada lazer silahından istifadə edərək pilotsuz təyyarəni zərərsizləşdirib.
Yeniavaz.com Belçikanın hərbi xəbər saytı "armyrecognition"a istinadla xəbər verir ki, Türkiyə istehsalı olan lazer silahı Liviyada feldmarşal Xəlifə Haftara dəstək üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən, Çin istehsalı olan pilotsuz döyüş təyyarəsini vurub. Xəbərdə hadisənin təfərrüatlarının yeni əldə edildiyi bildirilir. Həmçinin ilk dəfə bir lazer silahının başqa bir hərbi texnikanı real arenada məhv etdiyi qeyd olunub.
Saytda verilən məlumata əsasən Çin istehsalı olan "Wing Loong II" markalı pilotsuz təyyarə ASELSAN (Türkiyəyə məxsus müdafiə sənayesi qurumu) istehsalı olan 50 kilovat gücündəki lazer silahı ilə düşürülüb.
Qeyd edək ki, Türkiyə hökumətinin son vaxtlar müdafiə sənayəsinə verdiyi önəm də xəbərdə vurğulanıb. Bildirilib ki, təkcə 2015-ci ildə bu sahəyə 450 milyon dollar ayrılıb və ilk dəfə 2018-ci ildə türk ordusu lazer silahını sınaqdan çıxarıb.
