Rusiya xilasediciləri Xəzərdə Azərbaycan qırıcısının axtarışlarına qoşulur - QƏZADAN 2 HƏFTƏ SONRA

Rusiyanın Xəzər donanmasının axtarış-xilas etmə dəstəsinin mütəxəssisləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizində qəzaya uğramış MiQ-29 qırıcısının axtarışları üçün göndərilib.

Bu məlumatı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

“50 nəfərlik axtarış dəstəsinin tərkibində “Anatoli Qujvin” kiçik hidroqrafiya gəmisi, “SB-45” xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil “MMK-1-100” kompleksi yer alır”,-məlumatda deyilir.

Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin nümayəndəsi bildirir ki, təxmini axtarış rayonunun sahəsi 600 kvadratkilometrdən çoxdur, suyun dərinliyi isə 40 metrə çatır. Axtarış işlərinə Xəzər donanmasının dəstəsi iki sutka sonra başlamağı nəzərdə tutur.

“Habelə axtarış tədbirlərinə teleidarəetməli “Falkon” sualtı aparatını, “Super QNOM Pro” teleidarəetməli sualtı baxış aparatını və “Tayger” pilotsuz sualtı aparatını cəlb etmək planlaşdırılır”,-mənbə deyib.

Azərbaycan HHQ-nin MiQ-29 qırıcısı iyulun 24-də axşam saat 22.00 radələrində təlim-məşq uçuşları zamanı Xəzər akvatoriyası üzərində radarlardan itib. Təyyarə Azərbaycanın ərazi sularında qəzaya uğrayıb. Pilotun taleyi haqda heç nə məlum deyil. Azərbaycan Müdafiə Nazirliyinin və digər müvafiq strukturların başlatdığı intensiv axtarışlar nəticə verməyib. Nəhayət Azərbaycan Türkiyədən kömək istəyib, Türkiyə Müdafiə Nazirliyinin xüsusi təyinatlı dalğıcları axtarışlar üçün göndərilib. Lakin onların apardıqları axtarışlar da nəticə verməyib. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top