Qırğızıstanın sabiq lideri hələ də müqavimət göstərir - VİDEO


Qırğızıstanın xüsusi təyinatlı qüvvələrinin ölkənin korrupsiya ilə ittiham olunan eks prezidenti Almazbek Atambayevi həbs etməsi cəhdi uğursuzluqla nəticələnib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, A. Atambayevin evinə gələn onun dəstəkçiləri xüsusi təyinatlıları zərərsizləşdirib. Bu zaman polislərdən biri aldığı silah yarasından dünyasını dəyişib.

Verilən məlumata əsasən Atambayev hələ də paytaxt Bişkekdən bir az aralıdakı evindədir. Korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, o cümlədən çeçen “vor zakon” Əziz Batukayevin həbsxanadan saxta tibbi arayış əsasında buraxılmasına göstəriş verməkdə ittiham olunan keçmiş prezident bütün bu iddiaları rədd edir. Qırğızıstan parlamenti bu iddialara görə ötən ay sabiq prezidentin toxunulmazlığını ləğv etmişdi. Buna baxmayaraq o, ifadə vermək üçün prokurorluq orqanlarına çağırılsa da buna əməl etməmişdi.
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsindən verilən açıqlamada həbs üçün Atambayevin evinə yaxınlaşdıqları zaman, onun dəstəkçiləri tərəfindən silahlı hücuma məruz qaldıqları bildirilib. Xüsusi təyinatlıların isə ancaq təlim mərmisindən istifadə etdiyi qeyd olunub.

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən 36 nəfər yaralanıb. 6 əsgər isə Atambayevin dəstəkçiləri tərəfindən əsir götürülüb. Xüsusi təyinatlıların yeni və daha iri miqyaslı müdaxilə üçün hazırlaşdığı bildirilib.

Hadisənin şahidlərindən Mirbek Aitikeyev yerli mətbuata verdiyi açıqlamada prezident tərəfdarlarının xüsusi təyinatlıların silahlarını ələ keçirdiyini bildirib: "Atambayev hələ də öz evindədir. Dəstək qüvvələrin göndəriləcəyini deyirlər. İnsanlar hazırlaşır".
Sabiq prezidentin tərəfdarları gecə boyunca da evin önünüdə barikadalar quraraq keşik çəkiblər.

Qeyd edək ki, ölkəni 2011-17-ci illər aralığında idarə edən Atambayevin ardından dövlətin başına Sooronbay Jeenbekov keçmişdi.
O vaxtlar yaxın əlaqələri olan bu siyasilərin sonradan araları açılmışdı.

Atambayev ötən ay Moskvaya gedərək Putinlə görüşmüş, buna baxmayaraq Vladimir Putin görüşün ardından yeni prezidentə dəstək olacağını bildirmişdi. O həmçinin ölkə əhalisini hazırkı prezidentin ətrafında birləşməyə çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top