Çeçenistan rəhbəri Qafqazın qəhrəmanını çeçen xalqına divan tutmaqda, rus çarından zadəganlıq alıb mübarizəsini dayandırmaqda suçladı
Çeçenistan rəhbəri, daima və hər yanda özünü Rusiya prezidenti Vladimir Putinin şəxsi əsgəri adlandıran Ramzan Kadırov Qafqaz xalqlarının qəhrəmanı Şeyx Şamilə böyük hörmətsilzik edib.
R.Kadırov “Çeçnya segodnya” agentliyinə verdiyi müsahibədə imam Şamilin apardığı savaşların Qafqaz xalqlarının sayını azaltdığını deyib.
Şeyx Şamilin çeçen xalqının həyatındakı rolu barədə verilən suala cavab olaraq Ramzan Kadırov onun ucbatından qadın, uşaq və qocaların soyuqdan donduğunu və aclıqdan öldüyünü bildirib. Çeçen lider Dağıstan imamının daha sonra Rusiyaya təslim olduğunu xatırladıb.
R.Kadırov Şeyx Şamilin mübarizəsinin çeçenlərin faciəsinə səbəb olduğunu, özünün isə zadəganlıq titulu qarşılığında Rusiyaya sədaqət andı içdiyini iddia edib. Kadırov bununla Şeyx Şamilin ad uğruna mübarizəsini satdığını deməyə gətirib.
“Bu adam yaşayış məntəqələrini yandırıb, ağsaqqalları Qurana and içməyə məcbur edərək onların tayfalarını Rusiyaya qarşı qaldırıb”,-deyə çeçen siyasətçi qeyd edib.
Qeyd etmək lazımdır ki, Şeyx Şamil Dağıstana 1834-1859-cu illərdə imamlıq edib. 1840-cı ildə o, Qərbi Dağıstan və Çeçenistan dağlılarını birləşdirməyə çalışıb. Həmin ildən etibarən imam Şamil Rusiyaya qarşı savaşıb və 1859-cu ildə çar ordusunun onu Dağıstandakı Qunib aulunda əsir almasına qədər mübarizəsini davam etdirib.
1859-cu ildə çar II Aleksandr Şeyx Şamili onun şəxsi istəyi ilə Məkkəyə həcc ziyarətinə getməsi üçün azad edib.
Qafqazın imamı Səudiyyə Ərəbistanının Mədinə şəhərində vəfat edib və İslam dünyasının müqəddəs şəxsiyyətlərinin dəfn olunduğu Əl-Bəqi qəbiristanlığında torpağa tapşırılıb.//musavat.com