Türkiyədə hərbi çevrilişə "teatr" deyən adam bəraət aldı


Türkiyədə məhkəmə 2016-cı il 15 iyuldakı çevriliş cəhdinə "teatr" deyən şəxs haqqında bəraət qərarı verdi.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə çevriliş cəhdini "Prezident Rəcəb Tayyib Ərdoğanın bütün səlahiyyətləri əlinə almaq üçün planladığı teatr və ya ssenaridən ibarət cəhd" kimi dəyərləndirən şəxsə bəraət verib. Təqsirləndirilən şəxsin cəzalandırılmasını tələb edən Ədliyyə Nazirliyinin vəsatətlərini təmin etməyən məhkəmə, bu ifadələrin sərt tənqid kimi qiymətləndirilməsinə qərar verib.

İnegöl Əsas Cinayətlər Məhkəməsində hakim köməkçisi vəzifəsini icra edən təqsirləndirilən şəxs, 15 iyul 2016-cı ildəki çevriliş cəhdindən 4 gün sonra məhkəmə binasının xəzinə şöbəsinə gəlib və bu ifadələri işlədib: "Siz səhv bilirsiniz. Bu hökumətin oyunudur. Tankın içindən atəş açanlar vətəndaşlar tərəfindən linç edildi, o qədər əsgəri yerə yıxıb işkəncə verdilər, siz heç nə bilmirsiniz. Bu çevriliş bir ssenaridir. Çevriliş cəhdi Prezident Ərdoğanın bütün səlahiyyətləri əlində toplamaq üçün planlaşdırdığı teatr və ssenaridən ibarət bir cəhddir. Belə oyunlara aldanmayın, vətəndaşlar  günahsız əsgərləri linç etdi".

Məhkəmə işçilərinin şikayəti əsasında hakim köməkçisi haqqında "silahlı terror təşkilatının təbliğini aparmaq" maddəsi ilə cinayət işi açılıb. Bursa Ağır Cinayətlər Məhkəməsi isə təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrin əsassız olduğuna qərar verib və hakim köməkçisi haqqında bəraət qərarı çıxarıb. Məhkəmədə, təqsirləndirilən şəxsin öz fikrini bir daha bəyan etməsi və şahidlərin ifadəsinə əsasən ittiham olunduğu ifadələri işlətdiyi məlum olub. Nəticədə isə bu ifadələrin hərbi çevrilişi edənləri haqlı çıxaracaq, tərifləyəcək və ya təbliğ edəcək dərəcədə olmadığına qərar verilib.

Apellyasiya şikayəti verilməyən qərar dəqiqləşsə də bu dəfə Ədliyyə Nazirliyi məsələyə müdaxilə edib. Hakim köməkçisinin işlətdiyi ifadələrin təbliğat xarakterli olduğunu əsas gətirən nazirlik bəraət qərarının ləğv edilməsi üçün xüsusi səlahiyyətlərindən istifadə edərək məsələni prokurorluğa qaytarıb.

Prokurorluq isə məsələ ilə bağlı 16-cı Cinayətlər Dairəsinə müraciət edib. Ancaq dairə Nazirliyin bu tələbini geri çevirib.

Qərarın mətnində bu ifadələrə yer verilib: "Bu ifadələr 15 iyul 2016-cı ildə həyata keçirilən çevriliş cəhdindən dərhal sonra bəzi insanlar tərəfindən işlədilən iddialardan bəziləridir. Təqsirləndirilən şəxsin bu ifadələr xaricində hərbi çevrilişi edənlərlə hər hansı bir əlaqəsi təyin edilməyib… Təqsirləndirilən şəxsin sözləri təhlil edilən zaman bunun sadəcə sərt tənqid xarakteri daşıdığı, buna görə də məhkəmənin verdiyi bəraət qərarının yerində olduğuna qənaət gətirilib".
Nəticədə Ədliyyə Nazirliyinin öz səlahiyyətlərindən istifadə edərək prokurorluq orqanlarına qaytardığı iş yenə də hakim köməkçisinin bəraəti ilə nəticələnib və nazirliyin vəsatati təmin edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top