Mingəçevir sakini 150 ildən artıq yaşı olan su süzmə daşından istifadə edir - FOTO

 
Su həyat mənbəyidir. Lakin o, təmiz halda qəbul edilməlidir ki, orqanizmə zərərli maddələr getməsin. Sutəmizləyən vasitələrdən olan susüzən daşlardan ta qədimdən istifadə olunub. Hazırda belə təbii daşları yonub istifadəyə hazır vəziyyətə gətirənlərin sayı elə də çox deyil. Onu da qeyd edək ki, bu süzmə daşlardan hələ də istifadə edən sakinlər var. Mingəçevirdə iki ailədə bu daşlardan istifadə edən sakinlərdən biri Səməd Osmanovdur. Bir əsrdən çox yaşı olan süzmə daşı şəhər sakini Səməd Osmanovun ailəsinə məxsusdur. Xüsusi növ dağ-daş materialından hazırlanmış daş süzgəc ailə üçün çox dəyərli nəsl yadigarı kimi qorunur və istifadə olunur. 66 yaşlı ailə başçısı Səməd Osmanov qədim tarixi olan daş süzgəcin 1996-cı ildə dünyasını dəyişmiş nənələri Zeyvə Osmanovadan hədiyyə qaldığını deyir. Z.Osmanova Ağdaşın Pirkəkə kəndinin sakini olub. Elə Osman kişi də vaxtilə həmin kənddə doğulub.

Səməd Osmanovun Yeniavaz.com-a saytına verdiyi məlumata görə nənələri Zeyvə xanım hələ sağlığğında ikən bu daş qurğunun 150 ildən çox yaşı olduğunu deyib. Qədimiliyinə rəğmən daş süzgəz bu gün də  içməli suların saflaşdırılması üçün sərfəli vasitə kimi istifadə olunur. Süzgəc gün ərzində 10-12 litr həcmində suyu durultmağa və keyfiyyətini artırmağa imkan verir. Hətta qohumlar –qonşular da zaman-zaman bu süzgəcin imkanlarından istifadə edir. Səməd Osmanovun sözlərinə görə daş süzgəcdən alınan təmiz suyun həm də insan orqanizmi üçün çoxsayda faydalı tərəfləri var. Ən əsası isə bu qurğu müasir daş süzgəclərdən köklü şəkildə fərqlənir. Həm ölçüsünə , həm də hazırlanma materialına görə. Onun sözlərinə görə indiyədək oxşar süzgəzə heç yanda rast gəlməyib. Bəzi bölgələrdə dövrümüzdə hazırlanan qurğularəsasən kubik daşı kimi materiallardan hazırlandığı üçün tam da arzuolunan dadı və şəfanı vermir.

Qeyd edək ki, Mingəşevirdə daş süzgəclərdən istifadə hallarına digər ünvanlarda da rast gəlinir. Məsələn şəhər sakini Fərman Nəbiyev 15 ildir ki, Qazax bölgəsindən əldə etdiyi süzgəcdən evində istifadə edir. Onun sözlərinə görə bu  qurğudan əldə edilən sudan istifadə etdikləri zamandan bəri əziyyət çəkdiyi böyrək problemlərindən  tamamilə azad olub.
 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top