Tahir İmanov: "Bundan sonra satiramız daha da sərt olacaq" - VİDEO - MÜSAHİBƏ


"Planet Parni iz Baku" populyar teatrlarından hesab olunur. Son illər "Planet Parni iz Baku"ya efir qadağaları qoyulmuşdu. Qadağa tətbiq edən kimlər idi və nə üçün bu addım atılmışdı? Bu və digər suallara cavab almaq üçün teatrın bədii rəhbəri Tahir İmanovla söhbətləşdik.

 -Tahir müəllim, necəsiz, istirahətiniz necə keçir?
- Sağ olun. İstirahətdə deyildim. Bu yay ancaq çalışıram.
- İlk sualımız hələ də müzakirə olunan Prezident İlham Əliyevin sənətçilərlə görüşü ilə bağlıdı. Eşitmişik həmin görüşdən sonra sizlərə qoyulan efir qadağası götürülüb.
-   Bəli, bizə qoyulan qadağalar prezidentin təlimatından dərhal sonra qaldırıldı. Düzdür, buna bütün telekanallar əməl etmirilər. Ancaq bir-iki kanalın efir vaxtı ayırması bizə kifayət edir. Onsuz da ildə bir neçə dəfə konsertimiz olur.
- Sizcə həmin qadağalar birbaşa kanal rəhbərlərinin təşəbbüsü idi, yoxsa daha yuxarı vəzifəli şəxslərin istəyi idi?
- Sözün açığı, bəzi kanalların niyə belə addım atdığını mən özüm hələ də  aydın bilmirəm.
Təbii ki, bizə qoyulan qadağalar özəl telekanallarla yüksək vəzifəli şəxslərin birgə işi idi. Konsertlərimizin birində qeyd elədik ki, biz 1992-ci ilə KVN çempiyonları, 1995-ci ildə yay kubokunun sahibləri, 2000-ci ildə əsrin çempiyonları adına layiq görüldük. 2015-ci ildə isə yeni bir qalibiyyətə imza ataraq qadağaları əldə etdik.
Belə xırda məsələni təbii ki, ölkə prezidentinə demək istəməzdim. Televiziya rəhbərlərindən nə üçün bizə efir qadağası tətbiq etdiklərini soruşduqda özlərini bilməzliyə qoyurlar.  Qadağalar götürüldükdən sonra bəzi özəl telekanallar bizə bir-iki dəqiqəlik efir verib güya təlimatlara əməl etdiklərini göstərmək istədilər, ancaq bu,  göz pərdələməkdən başqa bir şey deyil. Biz sənət adamıyıq. Digər sənətçilər kimi biz də istəyirik ki, tez-tez efirdə olaq. Əvvəllər layihələrimiz, verilişlərimiz tez-tez işıq üzü görürdü. Biz yenə belə olmaq istəyirik. Elə bil indi televiziya verilişlərinin formatı da dəyişib. Onlar bayağı musiqiləri, mahnıları çox təbliğ edir, çox qalmaqallı verilişlərə üstünlük verirlər. Bəlkə buna görə ekrana  keyfiyyətli satira və yumoru təbliğ edən aktyorları  tez-tez buraxmırlar.
- Tahir bəy, qadağalar zamanı, haqqınızda sifarişli yazıların çap olunduğu vaxtlarda xalq sizin tərəfinizdəydi. Hələ də elə yazılar verilirmi?
- Xalqın bizi çox sevdiyini ölkə başçısı tərəfindən söylənməsi mənim üçün unudulmaz oldu.  Biz özümüz bunu desəydik, təvazökarlıqdan uzaq olardı. Cənab Prezidentin sözləri bizim fəaliyyətimizə çox böyük qiymətdir.
Yeri gəlmişkən qeyd edim ki, haqqımda qərəzli sujet hazırlayan xanım aparıcılardan biri bu günlərdə məndən üzr istədi. Çox kövrəldim. Çünki  xanımlar nadir hallarda üzr istəyir. Mən onun günahının olmadığını bilirdim. Həmin xəbər, sadəcə, rəhbərliyin əmri ilə hazırlanmışdı. Hətta o xanım bizim tamaşaların birində iştirak da etmişdi. Dəfələrlə konsertlərimizə gəlib bizi alqışlamışdı.  Ümumiyyətlə,  ötən 4 ildə mən həyatdan çox şey öyrəndim. Bu səbəbdən hamını bağışlayıram.
- Özəl telekanallar sizə niyə qadağa qoysun ki?
- Qeyd edim ki, özəl telekanal sahibləri bizimlə təkbətək danışanda hətta adlar da çəkirlər. Onlar bilavasitə qadağa əmrinin kim tərəfindən gəldiyini deyirlər.  Mən səmimi insanam, həmişə rəsmiyətdən uzaq olmuşam. Ona görə də qeyd etmək istəyirəm ki, bu işdə bəzi məmurların sifarişi var idi. Onlar öz istəklərinə müvəqqəti olsa da nail oldular. Biz isə bu illər ərzində daha çox uğur qazandıq. Sosial şəbəkələrdə izləyicilərimiz artdı, konsertlərimizin sayı çoxaldı.  4 il ərzində, demək olar ki, bütün işlərimizi sosial şəbəkələr vasitəsilə etdik. Onsuz da, Azərbaycan kanallarına heç kim baxmır.  İstər şənliklərdə, istər başqa bir yerdə kimdən soruşsan deyir ki, mən Azərbaycan kanallarını izləmirəm. Bu səbəbdən sosial şəbəkələrin tamaşaçı ordusu telekanalların tamaşaçılarından daha çoxdur.
- Qadağa üçün göstəriş verən şəxsin adını bilirsinizmi?
- Mən ad çəkmək istəmirəm. Biz artıq çətin mərhələni keçdik. Xalqımızın pisliyi yaxşılıqla dəf etmək kimi gözəl ənənəsi var. Bizə qadağalar tətbiq edənlərə heç vaxt pislik arzulamadıq. Onlara həmişə xoş günlər, firavan həyat diləyirik...  
- Sözügedən görüşdə çıxışınız böyük əksəriyyət tərəfindən rəğbət görsə də, sizi qınayanlar da az olmadı. Əsas irad sizin əsas problemlərdən daha çox şəxsi istəklərinizi dilə gətirməniz göstərilirdi.
- Əşi, qoy danışsınlar. Onlar heç ölkəmizin qələbələrinə belə sevinmirlər. Mən onlarla nə danışım axı. Elə insanlar özü-özlərini məhv edib, çürüdürlər. Şəhərdə atəşfəşanlıqlar, şənliklər, bayramlar olanda belə qoşulmurlar və bəhanə edirlər ki, mənim qonşum acından ölür, mən də ona görə əylənmək istəmirəm. Azərbaycanda acından ölən yoxdur. Kasıb yaşayanlar, varlı yaşayanlar var. Neqativliyi özlərinə həyat tərzi seçən insanlarla axı nə danışaq? Belə insanlar yenidən birinci sinifə, bəlkə də bağçaya gedib həyatı yenidən öyrənməlidirlər. Ancaq bundan sonra biz onlarla danışa bilərik.
- "Planet Parni iz Baku"nun tamaşalarında sosial, iqtisadi, siyasi mövzulara toxunmanız tamaşaçıların böyük rəğbətini qazanır. Parodiyasından ən çox narazı olan kim olub?
- Heç vaxt yadımdan çıxmaz, biz Hadi Rəcəblini parodiya etdikdən sonra, onun reaksiyası çox sərt olmuşdu. Sözün düzü, biz onun nə üçün incidiyini anlamadıq çünki, Hadı Rəcəbli ömür boyu KVN-i izləyən insandır. Biz isə təbii ki, parodiyalarımıza davam edəcəyik. Çünki, insanlar parodiyaları çox sevirlər, izləyirlər. Və burdan demək istəyirəm ki, biz hələ tükənməmişik. 
- Tahir bəy, belə bir məlumat var: 21 yaşınızda Rəsul Quliyevi parodiya edirsiniz, sonra o sizinlə görüşür və heç də birmənalı qarşılamır və hətta sizi Milli Məclisə də dəvət edir: "Gəl özün bax gör ki, sənin dediklərinin hamısı nağıldır"-, deyir.
- Mərhum kapitanımız Anar Məmmədxanovla bu dəvəti qəbul edib, Milli Məclisin iclaslarının birinə getdik. İçəri daxil olub, Anarın yanında oturdum. Orda hər dəfə mübahisə başlayanda millət vəkilləri biz tərəfə baxaraq ehtiyatla davranırdılar. Bu, təbii ki, bizdə təbəssüm oyadırdı. O vaxt mən anladım ki, biz Milli Məclisdə olmadan belə, bütün parodiyaları düzgün yazmışdıq. Ümumiyyətlə, KVN-ə gələn hər insan nə ilə qarşılaşacağını bilir.  Misal üçün, xokkey oyununu izləməyə gedən kimsə ordan basketbol və ya futbol elementləri gözləyə bilməz axı. KVN-in əsası iti satira, mənalı zarafatlar  və aktual mövzulardır. Qeyd edim ki, məhz parodiyalar səbəbilə bir çox münasibətlərimiz pozulub. Əgər belə olmasa idi, bəlkə də kariyeramız daha yüksəklərə qalxardı. Amma biz beləyik, başqa cür heç yaşaya da bilmərik. Bizim zarafatlarda, parodiyalarda bir dənə yalan söz olsaydı, onlar öz aktuallığını çoxdan itirərdi. Amma 90-cı illərdən bəri bizim tamaşalar dillər əzbəridir. Ona görə də biz iş prinsipimizi dəyişmirik. KVN-nin düsturu 60-cı illərdə necə yazılıbsa  elə də qalıb.
- Sizcə Azərbaycanda, başda məmurlar olmaqla, parodiyalardan niyə bu qədər inciyirlər? Axı dünyanın başqa ölkələrində də sərt satiralar mövcuddur?
-  Mən hətta deyərdim ki, dünyanın başqa ölkələrində satiralar daha sərtdir. Biz hələ satiraları bir qədər yumuşaltmağa çalışırıq. Siz Ukrayna prezidenti Vladimir Zelenskinin layihəsində olan bəzi səhnələri izləsəniz, Azərbaycan KVN-nə, toya getməlidir, deyərsiniz. Təəssüflər olsun ki, indiki cavanlar bəzi yazılmamış qanunlarla ayaqlaşırlar. Mən onları qınamıram. Onlara televiziya rəhbərləri qadağa qoyular. Bəzi televiziya kanalları, aktyorları çağırıb, siz ancaq bu mövzuda zarafatlar edə bilərsiniz, deyiblər. Onlara tapşırıblar ki, səhiyyəni, vergini, polisi tənqid etmək olmaz. Özəl televiziyalar 16 mövzu ətrafında qadağa qoyublar. Bəs, bu uşaqlar öz istedadlarını necə göstərsinlər? Bu da insanları tükənməyə gətirib çıxarır. Bülbül qəfəsdə yaşaya bilmədiyi kimi, yumorsitlər də çərçivəyə salınmamalıdır. İndi gedib televiziya rəhbərlərindən bu mövzunu soruşsanız, sizə deyəcəklər ki, Tahir İmanov yalan danışır. Mən sizə bu məlumatı tam dəqiq deyirəm. Ancaq inanıram ki, bu mövzu da öz həllini tapacaq.
- Artıq qadağalar götürülüb. Bundan sonra işinizdə hansısa dəyişikliklər edəcəksiniz?
- Yolumu dəyişmək istəsəydim, 90-cı illərdə və ya sıxıntılar yaşadığımız son 4 il ərzində dəyişərdim. Siz bilirsiniz, mən haralarda olmuşam? Neçə-neçə məmurların kabinetində mübahisə etmişəm. Biri "ölkə prezidenti sizdən narazıdır "deyib. Digəri, "Mehriban xanım sizdən narazıdır" söyləyib. Başqası formatımızı dəyişməyi məsləhət görüb.  Ancaq bizim satiramız ildən-ilə daha da iti olur. Bundan sonra hədəfə aldığımız mövzular yumor tərəfdən daha da sərtləşəcək. Bu qadağaları qoyanların əsas məqsədi "Planet Parni iz Baku"nu ruhdan salmaq idi. Onlar istəyirdilər ki, biz inciyib ruhdan düşəndən sonra yavaş-yavaş iqtidarı tənqid etməyə başlayaq. Bu formada KVN-ni müxalifət tərəfinə keçməsini istəyirdilər. Mənə hətta müxalifət tərəfindən zənglər də olurdu. Müxtəlif mövzularda suallar verməyə çalışırdılar. Mən onlarla ya danışmır, ya da telefonu söndürürdüm. Çünki, bilirdim ki, müəyyən mövzuda deyəcəyim sözləri fırladıb, başqa mənada yazacaqlar. Sonra da, baxın, budur Tahir İmanov, ömür boyu dövlətdən, dövlətçilikdən danışır ancaq, qadağa qoyulan kimi, əqidəsini, fikrini dəyişir deyəcəkdilər. Ancaq mən belə provakasiyalara imkan vermədim. Biz KVN işçiləri həmişə dövlətin və dövlətçiliyin əsgərləri olmuşuq. Mənim babam Süleyman Ələsgərov hələ 60-cı illərdən Heydər Əliyev kursuna qulluq edib. Bilirsiz, hökümdara qarşı çıxmaq həm konstitusiya nöqteyi-nəzərdən həm də dini tərəfdən yanlışdır. Biz həmişə ölkə başçısına tabe olmuş , onu dəstəkləmişik və dəstəkləyəcəyik. Hətta bizim övladlarımız da dövlətimizin tərəfində olacaq. Heç bir təzyiq bizi bu yoldan döndərə bilməz.
-"Bəxt üzüyü 2" filminin uğursuz olduğunu söyləyənlər az deyil. Bu barədə nə demək istərdiniz?
- Mən avara adamların rəylərinə fikir vermək, öz dəyərli vaxtımı onlara sərf etmək istəmirəm. Siz bilirsiz, Azərbaycanda hansı filmlər tənqid olunub, haqlarında pis sözlər yazılıb? Mən indi desəm təəccüblənəcəksiniz. Onlardan biri "O olmasın, bu olsun" filmidir. Onun haqqında "bayağı filmdir" deyiblər. Mənasız hokkabazlıq kimi qələmə veriblər. Mirzə Babayevin ordakı ifasını tənqid ediblər. Bu haqda Azərbaycanın məşhur qəzetlərindən birində böyük bir məqalə çıxmışdı. Eldar Quliyevin "Bir cənub şəhərində" filmi neçə il rəflərdə qaldı. Biz əvvəlcə öz qələbələrimizə sevinməyi öyrənməliyik. Biz bunu bilmirik. Sən gərək birinci sinifə yenidən gedib bunları öyrənəsən. Əks təqdirdə, sən öz vaxtını onun-bunun qeybətinə sərf edib, daxilən çürüyüb itəcəksən.
- Azərbaycanda çəkilən seriallara, filmlərə münasibətiniz?
- Keyfiyyətli filmlər, serialların çəkilməsi üçün külli miqdarda pul olmalıdır. Əsas məsələ Azərbaycanda istedadlı aktyorların olmasıdır. Bu şansdan istifadə etmək lazımdır. Ancaq bu gün təbii ki, keyfiyyətsiz filmlər seriallar çoxdur. Bəzi problemlər gərək aradan qaldırılsın. Misal üçün, aktyora yalvarırlar ki, filmdəki rolu üçün özü paltar alsın. Ancaq bütün bu kimi məsələlər film rəhbərliyi tərəfindən seçilməli, hazırlanmalıdır. Mən sizə min problemdən sadəcə birini deyirəm.
- Əhmədiyyə Cəbrayılov haqqında yeni film üzərində işlədiyinizi demişdiniz.   Bu barədə məlumat verməyinizi xahiş edərdik.
- Qabaqcadan heç nə demək istəmirəm. Qeyd edim ki, filmi Rusiya partnyorlarımızla hazırlayacağıq. "Rossiya 1" telekanalının da bunda marağı var. İki ildən sonra bu film üçün biz azərbaycanda da investisiya tapdıq. Ümumiyyətlə biz qadağalar dövründə iş prinsipimizi dəyişdik və xarici ölkələrlə birlikdə bir çox layihələr hazırladıq. Təəssüflər olsun burda fəaliyyətimizə qadağa qoydular,  ancaq Rusiya və digər ölkələrin məşhur telekanalları bizə qapılarını açdılar. Ancaq mənim üçün Azərbaycanı təmsil etmək çox böyük şərəfdir. Ona görə, bir saniyə belə tərəddüd etmədən burda fəaliyyətimizi davam etdirmək üçün çalışdım və buna nail oldum. Ssenarini Ramiz Fətəliyev yazıb. Biz həmin ssenarinin hallalığını alıb, Rusiyada kinematoqrafçılarla görüşdük. Onlar əvvəl biganə qalsalar da, ssenarini oxuyandan sonra əsas layihələrinə çevrildi.
-  Yəqin bilirsiniz ki,  Əhmədiyyə Cəbrayılov Azərbaycanda unudulub, Şəkinin ucqar bir kəndində yaşayarkən Fransa prezidenti Şarl de Qol Moskvaya gəlir və onunla görüşmək istədiyini bildirir.
- Siz dediyiniz anlar da bizim filmdə var. Çünki, Əhmədiyyə Cəbrayılov kimi zəngin bioqrafiyaya sahib olan çox az insan var. Ancaq sizə deyim ki, bu cür qəhrəman xaricdə olsa idi çoxdan film çəkilmişdi.
-”Planet Parni iz Baku”nun artıq teatr kimi formalaşması istiqamətində hansısa işlər görülür? Söhbət teatr binası, aktyor heyəti və sairdən gedir.
- Teatrımızın əsas məqsədlərindən biri də öz binasını əldə etməkdir. 15 ildir yalvara-yalvara qalmışam. Siz bilirsiniz, mən hansı mövzu olur-olsun dayanan deyiləm. Axıra kimi çalışacam ki bizim teatrımız olsun. Biz teatrımız olmadan neçə neçə aktyorlar yetişdirmişik, neçə-neçə simalar ortaya çıxıb. Düzdür, bəziləri bizim məktəbi keçdiyini unudur, müsahibələrində yada salmırlar. Ancaq biz bunu problem etmərik.
-Yerli telekanallara baxırsınızmı?
-İndi Azərbaycan televiziyalarına baxıram. Bizə qadağalar qoyulanda mən də  evdə Azərbaycan telekanallarına baxmağı qadağan etmişdim. Ancaq qadağa qoymasa idim belə, evdə bilirdilər ki, baxmaq lazım deyil. Bircə AzTV-ə baxırdım. Onlar bizə heç vaxt qadağa qoymamışdı. Martın birindən bizim evdə də qadağalar qalxdı. Ancaq gördüm ki, bizim televiziyalarda heç nə dəyişilməyib. Yenə kolbasa, sosiskaların sponsorluğu ilə verilişlər davam edir.
- Sizin müsahibələrdən birində belə bir söz deyirsiniz: "Xəbərlərə baxırsan ancaq öldürdü, kəsdi, doğradı, qətlə yetirdi və sair kimi sujetlərdir. İnsan nə qədər belə xəbər izləyər?" Ancaq, reallıq bələdir ki, maarifləndirici xəbər, məlumatlardan daha çox kriminal, şou-biznes xəbərlərə üstünlük verirlər. Sizcə bu nə ilə əlaqədardır?
- Filankəs özünü öldürdü, filankəs özünü asdı, filankəsi zorladılar... Bu tip xəbərlərin mənası nədir? Bu cür xəbərləri vermək olmaz. Onların yerinə maarifləndirici xəbərlər təqdim etmək lazımdır. Mən ümumiyyətlə neqativ xəbərlərin əleyhinəyəm.
Televiziya elə bir qüvvədir ki, istənilən istiqaməti seç ,mən sizi inandırıram ki, insanlar ona baxacaqlar. Sadəcə, telekanallar arasında centelmen müqaviləsi olmalıdır.
- Sizin tamaşaların birində belə bir epizod var idi. Biri gəlir mahnı oxuyur deyir müğənniyəm, sonra başqası gəlir, deyir ki, mən də müğənniyəm. Sonra Rəşid Behbudov gəlib bildirik ki, əgər siz müğənnisizsə onda mən kiməm? İndi həmin sualı sizə vermək istəyirəm. Əgər onlar müğənnisə Rübabə Muradova, Şövkət Ələkbərova, Rəşid Behbudov kimdir? 
- Rəşid Behbudov Azərbaycanın vizit kartlarından biridir, etalondur. O elə bir zirvədir ki, birincisi onu fəth etmək mümkün deyil. Rəşid Behbudova ancaq baxıb bəzi şeylər öyrənə bilərsən. Bizim belə müğənnilərimiz ola-ola baxın, biz kimləri təbliğ edirik. Rəşid Behbudovdan, Üzeyir Hacıbəyovdan, Şövkət Ələkbərovadan xəbəri olmayan insanların mahnı oxuması qəbuledilməzdir. Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev, Rəşid Behbudovun kürəkənidir. Kamil müəllim əsl musiqinin nə olduğunu çox yaxşı bilir. Çünki, o Rəşid Behbudovu çox təbliğ edir. O, bir tərəfdən Rəşid Behbudovu təbliğ edir, digər tərəfdən də bayağı musiqiləri yayır. Əgər Rəşid müəllim yaşasaydı onun üzünə necə baxardılar? Space tv-nin gecə verilişləri biyabırçılıqdır. Bunlar əgər Azərbaycan musiqisinə təhqir deyilsə, bəs nədir?
- Sizcə elə verilişlərin efirə buraxılmasının səbəbi nədir?
- Xahiş edirəm bu sualı özlərinə verin, bəlkə bu məsələ öz həllini tapdı. Ancaq dəqiq bilirəm ki, həmişəki kimi bu məsələ də öz həllini ancaq cənab Prezident vasitəsilə tapa biləcək. Çünki, rəhbərlər ayrı-ayrılıqda mövzunu həll edə bilmirlər. Mən inanıram ki, bu məsələ öz həllini tapacaq və haqq ədalət öz yerini tutacaq. Nəticədə əsl Azərbaycan musiqisi və mədəniyyəti təbliğ olunacaq. Biz dahilərimizi ancaq doğulan və ölən günlərində yada salırıq. İlin qalan günlərində ancaq bayağı musiqiləri təbliğ edirik. Min dənə ləqəblə onları məşhur etməyə çalışırıq. Biz dövlət kanalını da tənqid etsək də, əgər dövlət kanalımız olmasa idi Azərbaycan musiqisini təbliğ edə bilməzdik.
- Təəssüflər olsun ki,  indi gənclərin çoxu böyük musiqiçilərimizin mahnılarını tanımır və qulaq asmaq istəmirlər. Ancaq bayağı mahnılar dillər əzbəridir.
-Bəhs etdiyimiz bayağı müğənnilərə əvvəlcə Azərbaycan dili və ədəbiyyatı dərsini keçmək lazımdır...
- Tahir bəy, siyasətə qoşulmaq fikriniz yoxdur ki?
- Mənim siyasətə qoşulmaq fikrim yoxdur. Ancaq siyasət məni özünə çəkmək istəsə, ondan sonra bu mövzuda danışa bilərik. Hazırda isə mən istəyirəm ki,  cəmiyyət  üçün tərbiyəli, əqidəli, imanlı insanlar yetişdirim. Söhbət mənim ailəmdən gedir. Ümumiyyətlə keyfiyyətli vətəndaş yetişdirmək istiqamətində hər bir ailə çalışmalıdır. Uşaqlarımızın tərbiyəsinə önəm verməliyik. Əvvəlcə icazə verin mən keyfiyyətli vətəndaş məsələsini həll edim, sonra siyasi istiqamətdə addımlara başlayaq.
- Son olaraq istərdim sizinlə biraz da gülməli anlardan danışaq. Mərhum Prezident Heydər Əliyevi ən çox güldürən də məhz siz olmusunuz. O anları necə xatırlayırsınız?
- Heydər Əliyevi ən çox güldürən epizod Nazarbayev haqqındakı səhnə idi. Orada mən Nazarbayevin plakatını tutaraq deyirəm ki, əgər Nazarbayev bilsə idi ki, onun şəklini kim saxlayıb, heç Bakıya gəlməzdi. Həmin tamaşadan sonra biz ilk dəfə gördük ki, Heydər Əliyev bu qədər ürəkdən gülə bilər. Təbii ki, o an insan məsələnin mahiyyətini başa düşmür, illər ötdükcə dərk etməyə başlayırsan. Bu yaxınlarda biz həmin portreti tapdıq. İçərişəhərdə "Parni iz Baku"nun balaca bir ofisindən mənə zəng etdilər ki, burada təmir işləri gedir, və biz həmin portreti tapmışıq. Mən gedib o portreti götürdüm. Elə bil mənə dünyanı bağışladılar. Mən fəxr etdim ki, həmin anlar mənim ifamda olmuşdu. İnanırsız, biz heç onu satira kimi yazmamışdıq. Sadəcə, bir epizoddan digər epizoda keçid kimi vermişdik. Biz heç bilməzdik ki, həmin cümlə bu qədər gülməli alınar.
- Tahir bəy, hər bir teatrın məramı, şübhəsiz,insanları saflaşdırmaq, xeyirxahlığa, düzlüyə yönəltməkdir. Sizlərə bu yolda daha böyük uğurlar və tamaşaçı sevgisi arzulayırıq!  Yeni tamaşalarınızda görüşənədək.
-  Çox sağ  olun.

Söhbətləşdi: Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top