Nağdsız ödənişlər: Bir addım irəli, iki addım geriyə...


Son bir ay ərzində Azərbaycanda POS-terminalların sayı 3 min 30 ədəd azalaraq 66 min 426-dan 63 min 396 ədədə düşüb.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, marketlərdə, retoranlarda və digər ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı iyun ayı ərzində 3 min 200 ədəd azalaraq 65 min 163-dən 61 min 963-ə düşüb. Paytaxt Bakı şəhərində bu göstərici 40 min 395-dən 37 min 227-yə qədər azalıb.
Məlumat üçün bildirək ki, ölkədə POS-terminalların sayı ən yüksək həddə 2015-ci ildə çatıb. 2015-ci ildə ölkə ərazisində 80 min 301 POS-terminal mövcud olub. Göründüyü kimi son 3 ildə POS-terminalların sayında 17 minə yaxın azalma olub.
Onu da bildirək ki, POS-terminalların sayında müşahidə olunan kəskin azalmaya iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev də münasibət bildirib. Prezident bildirib ki, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir: "Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. Pos-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır".
Qeyd edək ki, ötən ilin ortalarında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev mətbuata verdiyi açıqlamada ödəniş terminalı olmayan pərakəndə ticarət və iaşə obyektlərində, mehmanxanalarda və bu kimi xidmət müəssisələrində məcburi şəkildə POS-terminallar yerləşdiriləcəyini bildirib. Lakin, açıqlanan rəqəmlər onu göstərir ki, bu açıqlamadan 1 ilə yaxın vaxt ötsə də hələ də POS-terminalların quraşdırılması işi istənilən səviyyədə həya keçirilmir.
Maraqlı məqamlardan biri isə odur ki, POS-terminalların sayında azalma qeydə alınsa da bu terminallar vasitəsilə aparılan əməliyyatların sayı artıb. Belə ki, iyun ayında POS-terminallar vasitəsilə 1 milyon 949 min ödəniş edilib. Ötən ilin analoji dövründə bu göstərici 1 milyon 173 min olub. Ötən ilin eyni dövrü ilə müqayisədə nağsız ödənişlərin həcmoi də artıb. 2018-ci ilin iyun ayında POS-terminallar vasitəsilə 85 milyon manat ödəniş edildiyi halda bu ilin iyun ayında 95 milyon ödəniş edilib.
Açıqlanan rəqəmlər onu göstərir ki, nağdsız ödənişlərin istənilən səviyyədə olmamasının səbəbi plastik kart istifadəçiləri deyil. Göründüyü kimi POS-terminalların sayının azalmasına baxmayaraq insanlar kartla ödəniş etməyə maraqlıdırlar.
Məlumat üçün onu da qeyd edək ki, nağd ödəniş etmədən alış-veriş etməyimizə imkan verən ödəniş karları ilk dəfə 19-cu əsrin ikinci yarısında Amerika Birləşmiş Ştatlarında (ABŞ) ortaya çıxıb. İlk ödəniş kartı 1854-cü ildə "Hotel Credit Letter Company" adlı şirkət tərəfindən istifadəyə buraxılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top