İyulin 31-də Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qulluqçu üzərində avqust ayının 1-də aparılan cərrahiyyə əməliyyatı uğurla başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Hazırda vəziyyəti qənaətbəxşdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov hərbi qulluqçuya baş çəkib, cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə yaxından tanış olub.
General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun valideynləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görüləcəyinə onları əmin edib.