"Azərbaycan futbolu tarixinə düşdüyümüz üçün sevinirik"


“Bir gün öncə mətbuat konfransında dediyim kimi, bizi çətin rəqib gözləyirdi. Bunu da ilk dəqiqələrdən gördük”. 

Bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

Avropa Liqasının II təsnifat mərhələsində Tula “Arsenal”ını səfərdə 1:0 hesabı ilə məğlub edən “ağ-qaralar” evdə 3:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. Bakı təmsilçisi növbəti mərhələdə İsrail “Bney Yehuda”sı ilə üz-üzə gələcək. 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında R. Bordin bildirib ki, rəqibin matçın gedişində risk edəcəyini gözləyirmiş: “Rəqib bizə çətinliklər yaratdı. İlk dəqiqələrdən irəli atılacaqları, risk edəcəkləri gözlənilirdi. Rəqibin təzyiqinə baxmayaraq, futbolçularım buna düzgün reaksiya göstərdi. Raufun vurduğu ilk qoldan sonra isə hər şey bizim xeyrimizə cərəyan etdi”.

- Matçın gedişində zədələnən Emin Mahmudovun durumu necədir? 
- Emində həftəboyu bu problem yaranmışdı. Bu üzdən kifayət qədər məşq edə bilmirdi. Bu problem ilk oyunla əlaqəlidir. Tuladakı görüşdə də belə hal yaşanmışdı. Oyunçuların durumu barədə sabahdan maraqlanacağıq. Təkcə Emin yox, digərləri ilə də. Çünki oyun boyu bəzi oyunçularda qıcolmalar yaranırdı.

- Növbəti mərhələdəki rəqibiniz “Bney Yehuda” barədə hansısa məlumatınız var?
- Sabahdan bu barədə düşünməyə başlayacağıq. Bu gün qələbə qazanmışıq. Oyunçularla bunu qeyd etməyə çalışacağam. Sabahdan növbəti mərhələnin hazırlığına başlayacağıq.

- “Arsenal”da bəyəndiyiniz futbolçu oldumu?
- İlk oyunda da, bu gün də “Arsenal” göstərdi ki, çox yaxşı elementləri, futbolçuları var. Texniki və fiziki cəhətdən çox yaxşı komandadır. İlk görüşdə dayaq yarımmüdafiə zonasını bağlamaq bizdə daha yaxşı alındı. Bu gün isə fərqli mübarizə oldu.

- Azarkeşlər oyuna xüsusi rəng qatdılar. Moldova və Rusiyadan sonra “Forza Neftçi” fanatlarını İsraildə görsəniz təəccüblənməzsiniz?
- Onlar hər zaman bizi dəstəkləyirlər. Bugünkü qələbəyə azarkeşlərimiz layiq idilər. Bu qələbə hamımızındır. “Forza Neftçi” üzvlərini İsraildə də görmək istəyərdim.

- Avrokuboklarda ardıcıl 4 qələbə ilə Azərbaycan futbol tarixinə düşdünüz...
- Azərbaycan futbol tarixinə düşdüyümüz üçün sevinirik. Çalışacağıq bunu qeyd edək. Bu gün yalnız bugünkü qalibiyyətə sevinirik. Bununla kifayətlənmirik. Çalışacağıq ki, qələbələri sıralamaqda davam edək.

- III mərhələ üçün transfer gözlənilirmi və bununla bağlı danışıqlar olurmu?
- İndi qələbənin sevincini yaşayırıq. Bu barədə danışmaq üçün tezdir. Sabahdan növbəti rəqib barədə düşünməyə başlayacağıq. Transferlərlə bağlı da fikir mübadiləsi aparılacaq.//APA

DİGƏR XƏBƏRLƏR

Top