Azərbaycanda indiyədək qadını nikaha məcbur etmə maddəsi üzrə cinayət işi başlanmayıb


“Zaqataladakı 17 yaşlı qızın intiharı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Rayon prokurorluğu və polisi onun ailə üzvlərindən izahatlar alıb”. 

Bu sözləri BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin üzvü Elgün Səfərov deyib. O bildirib ki,  bu məsələ ilə bağlı yalnız bir maddə üzrə deyil, həm də Cinayət Məcəlləsinin 176-1.1.ci (qadını nikaha daxil olmağa məcbur etmə) maddəsi ilə cinayət işi başlanmalıdır.

“Qadını nikaha daxil olmağa məcbur etmək problemi bütün dünyada mövcuddur. Azərbaycanda da bu problemlə qarşılaşırıq. Bu problemlərin aradan qaldırılması üçün müəyyən tədbirlər görülməlidir”, - deyə o əlavə edib.  

E. Səfərov qeyd edib ki, indiyədək Azərbaycanda Cinayət Məcəlləsinin 176-1.1.ci maddəsi ilə cinayət içi başlanmayıb: “Qanunda qadını, yetkinlik yaşına çatmayanı nikaha məcbur etməyə görə 4000 manatadək cərimə, 4 ilə qədər də azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu maddə Azərbaycanda  2012-ci ildən qəbul edilib”.  

Komitə üzvü qeyd edib ki, uşağı nikaha məcbur etmək məişət zorakılığının bir növüdür: “Məişət zorakılığı ilə bağlı Məlumat Bankı da yaradılıb. İşlər davam etdirilir. Məcəllənin 176.1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilənlər olmadığı müddətdə bu problemlər təkrarlanacaq”.   

Qeyd edək ki, iyulun 30-da Zaqatala rayonunda 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. Ailəsi G. İsmayılovanı sevmədiyi birinə zorla ərə vermək istədiyi barədə məlumatlar yayılıb. ( APA)

DİGƏR XƏBƏRLƏR

Top