Aleksey Navalnını zəhərləyiblər?

Tərəfdarları bu barədə ciddi şübhələrin olduğunu deyirlər

Rusiyalı müxalifətçi Aleksey Navalnı 27 iyulda Moskvada sanksiyalaşdırılmamış aksiyadan öncə həbs olunub.
Məhkəmə qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib. Lakin təcridxanada bir neçə gün qaldıqdan sonra Aleksey Navalnıda kəskin allergiya reaksiyası müşahidə olunub və o, xəstəxanaya aparılıb. Müxalif siyasətçi qısamüddətli müayinədən sonra kameraya geri qaytarılıb.

“Ətrafındakı insanlar isə müxalifət və hakimiyyətin son dövrlərdə kəskinləşən konfrontasiyası fonunda onun zəhərləndiyini düşünürlər”, -deyə İsveçrənin “Le Temps” qəzetinin yazarı Emmanuel Qrinşpan yazır.
A.Navalnının başına belə bir hadisənin Moskvada müxalifətin keçirdyi çoxminlik aksiyadan sonra gəlməsi xüsusilə diqqət çəkib. 43 yaşlı siyasətçinin sifəti birdən-birə qırmızı ləkələrlə örtülüb, yalnız intensiv şəkildə tətbiq olunan preparatlar sayəsində simptomlar yoxa çıxıb.
Müxalifətçinin müayinə oldunğu xəstəxananın həkimi Yelena Sibkinanın “xəstənin vəziyyətinin düzəldiyi və həyatına təhlükə olmadığı” barədə sözləri isə heç kimi qane etməyib. Y.Sibkina simptomların nədən əmələ gəldiyi barədə hər hansı informasiya verməkdən də boyun qaçırıb.
“Bütün bunlar isə şübhələri daha da artırıb. Aleksey Navalnının tərəfdarları hakimiyyətin göstərişlərini yerinə yetirən həkimlərə inanmadıqlarını söyləyirlər”, -deyə müəllif yazıb.
Xəstəxananın həkimlərindən Eldar Qazəhmədov A.Navalının xanımı və vəkilinə diaqnoz barədə heç bir məlumat verməyib. Lakin bunu əvəzində onun mülki geyimdə olan naməlum bir şəxsə izah verdiyi görünüb.
Rusiyalı müxalifətçinin şəxsi həkimi Anastasiya Vasilyeva onun qəti olaraq kameraya qaytarılmasının əleyhinə çıxıb. A.Vasilyevanın sözlərinə görə, toksikoloji araşdırmanın analizlərinin nəticələri hələ bəlli deyil. Həkim Vasilyeva Aleksey Navalnının kamerasına bu tip allergiyanı verəcək naməlum kimyəvi agentin (maddə nəzərdə tutulur-red.) yerləşdirilə biləcəyi ehtimalını irəli sürüb.
Emmanuel Qrinşpanın yazısında Aleksey Navalnın hələ 2017-ci ildə bənzər hücuma məruz qaldığı yada salınıb. Həmin vaxt siyasətçinin gözünə xalq arasında “zelyonka” adı ilə daha çox tanınan kimyəvi məhlul atılmışdı. Nəticədə bir gözü zədələnən A.Navalnı uzun müddət müalicə almalı olmuşdu.
Bundan başqa, 2006-cı ildə kəşfiyyat tərəfindən radioaktiv maddə ilə öldürülən Aleksey Litvinenko və 2015-ci ildə güllə ilə qətlə yetirilən Boris Nemtsovun aqibəti göz önünə alınaraq, Aleksey Navalnının da həyatına ciddi təhlükə yarandığı barədə söz-söhbət gündən-günə böyüyür.// musavat.com

DİGƏR XƏBƏRLƏR

Top