
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uyğur türklərinin problemləri ilə əlaqədar Çinə heyət göndərəcəklərini deyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mövlud Çavuşoğlu 52-ci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) xarici işlər nazirlərinin görüşü çərçivəsində ASEAN-ın baş katibi Cim Lok Hoy və Tailandın xarici işlər naziri Don Pramudvinai ilə görüşüb. Türkiyə-ASEAN Sektor Dialoq Tərəfdaşlığı Üçlü Yığıncağından sonra mətbuata açıqlama verən xarici işlər naziri Çindəki uyğur türklərinin problemləri ilə bağlı da danışıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Çinə rəsmi səfəri zamanı bu problemi dilə gətirdiyini bildirən Çavuşoğlu, bu zaman Ərdoğandan bu mövzu ilə əlaqədar Çinə heyət göndərməsinin istənildiyini bildirib: "Bizim ən böyük istəyimiz Çin bayrağı altında uyğur qardaşlarımızın sülh və əminamanlıqla yaşamasıdır. Bu ayın 24-də Çin səfirliyi nazirliyə müraciət edərək bizi bu mövzu ilə əlaqədar Çinə heyət göndərməyə dəvət ediblər. Bu gün də bu mövzu barəsində danışdıq. Dəvətə cənab prezidentimiz də müsbət yanaşır. Yaxın müddətdə Çinin dəvəti ilə həmin əraziyə 10 nəfərlik heyət göndərəcəyik və onlar oradakı vəziyyətlə yerində tanış olacaqlar".