Davudoğlu: AKP artıq ali dəyərlərə məhəl qoymur

 
Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) əsas dəyərlərindən yayınmasının partiyanın aşağı və yuxarı təbəqələri arasında dərin narazılığa səbəb olduğunu söyləyib.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin keçmiş baş naziri bu barədə "Financial Times" a müsahibəsində danışıb. O bildirib ki, yarandığı dövrdə "ədalət, azadlıq, düşüncə azadlığı, ifadə azadlığı" kimi dəyərlərə ciddi qiymət verən AKP, son üç ildə bu ali dəyərlərə məhəl qoymur.
Davudoğlu Türkiyədəki qurumların zəiflədiyini və bütün səlahiyyətləri Rəcəb Tayyib Ərdoğanın əlinə verən prezident sisteminə keçidin ölkənin əsas quruluşlarına "ziyan vurduğunu" bildirib.
Keçmiş baş nazir yeni partiya yaradacağı iddia olunan Əli Babacanı misal çəkərək siyasətçilərin onları izləmək əvəzinə dinamikanı dəyişdirmələrinin lazım olduğunu söyləyib. O, məqsədinin Türkiyədə yeni bir siyasi mühit yaratmaq olduğunu bildirib: "Bizə lazım olan şey açıqlığa, şəffaflığa, sərbəstliyə və qorxmadan danışmağa əsaslanan yeni bir psixologiyadır".
O həmçinin bildirib ki, nə vaxtsa ölkədəki vəziyyətlə bağlı "səsini qaldırmaq" qərarına gəlsə, ölkədəki heç bir əsas mətbuat orqanının bunu işıqlandırmayacağına əmindir.
Müsahibə zamanı Ə. Davudoğlu, qəsdən korrupsiya və hakimiyyətdə qohumluq əlaqələri kimi mövzulara da toxunub və bunun səbəbini belə izah edib: "Çünki keçmiş bir baş nazir olaraq mən qorxub danışmasam, vətəndaşlar heç danışa bilməzlər. Əgər danışmaqdan, düşünməkdən qorxsan, həll yolu tapa bilməzsən".

DİGƏR XƏBƏRLƏR

Top