Bakı Ağır Cinayətlər Məhkəməsində 12 saylı Vəkil bürosunun vəkili Vüqar Poladov və keçmiş müstəntiq Misir Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Vüqar Poladov 35 tələblə vəsatət qaldırıb. Bu tələblər arasında cinayət işinin istintaqa qaytarılması, onun işini aparmış Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi Kazım Həmzətovun cəzalandırılmasından tutmuş, məhkəməsinin əvvəldən sonadək videoyazısına imkan verilməsi, çıxışlarında sözünün kəsilməməsinə qədər bir çox məsələlər yer alıb.
O, daha sonra çıxış edərək günahsız olduğunu deyərək bildirib ki, ittihamda yazılanlar müstəntiqin mülahizəsidir.
Təqsirləndirilən şəxsin verdiyi vəsatətlər təmin edilməyib. Məhkəmə baxışı iyulun 31-ə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq)maddəsi ilə ittiham olunur.
Vəkillər Kollegiyasından bildirib ki, V. Poladovun vəkillik fəaliyyəti bir müddət əvvəl dayandırılıb.
Onu da qeyd edək ki, V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.