Mövlud Çavuşoğlu: "ABŞ bu barədə addım atmasa biz lazım gələni edərik, səbrimiz tükənib"


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ı Türkiyəyə verdiyi sözü tutmamaqda günahlandırıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, M. Çavuşoğlu Nikaraqua Respublikasının Xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransı zamanı ABŞ-ı Münbiç məsələsinə biganə qalmaqda təqsirləndirib.
O bildirib ki, 2018-ci ilin iyun ayında ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Suriyanın Münbiç bölgəsində təhlükəsiz ərazi yaradılması ilə bağlı razılığa gəlsələr də, hələ bu barədə heç bir addım atılmayıb: "90 gün müddətində bu işlə bağlı görəcəyimiz planı hazırlamalı idik. Amma həmin vaxtdan 13 ay ötüb və ortada heç nə yoxdur".
Onun sözlərinə görə artıq Türkiyə hökumətinin bu mövzuda səbri tükənib: "Daha əvvəl Donald Trampın istəyi ilə bu ərazidə keçirəcəyimiz əməliyyatı saxladıq. Ancaq həmin ərazidən bizə qarşı təhdidlər artır. Belə olduqda bizim də buna qarşı tədbir görmək üçün hazırlığımız oldu. Ən qısa müddətdə təhlükəsiz ərazi mövzusunda ortaq məxrəcə gəlməliyik, çünki bizim səbrimiz qalmayıb. Ötən gün həmin ərazidən Türkiyəyə artilleriya atəşi açıldı. Belə hücumlara göz yuma bilmərik. Təhlükəsiz ərazi mövzusunda addım atılmazsa Türkiyə lazım gələn addımı atacaq".
Çavuşoğlu həmçinin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbərinin terrorçu PKK/YPG-PYD qruplaşmaları ilə görüşünü də "səmimiyyətsizlik" göstəricisi kimi qəbul etdiklərini vurğulayıb: "Terror qruplaşmaları dayanmadan bazalarını gücləndirirlər. Danışıqların müddəti uzandığına görə əməliyyat üçün hazırlığımız oldu. ABŞ-a heyət göndərdik amma onlar əməliyyat keçirməməyimizi istəyirlər. Ancaq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbərinin terrorçu PKK/YPG-PYD qruplaşmaları ilə görüşü bu mövzuda səmimiyyətsiz olduqlarını göstərir".

DİGƏR XƏBƏRLƏR

Top