
Ucar Pambıq Emalı Zavodu ilə səhmdarları arasında dividend mövzsunda mbahisə yaranıb.
Zavodun səhmdarlarından Bəxtiyar Kərimov Yeniavaz.com-a müraciət edərək bildirib ki, 1997-ci ildən etibarən zavoda səhmdar olmalarına baxmayaraq indiyə kimi onlara dividend ödənməyib. B. Kərimov bildirir ki, indi isə zavod rəhbərliyi onlara öz səhmlərini 16 manata yenidən müəssisəyə satmalarını təklif edir. Məsələ ilə bağlı heç bir hüquq-mühafizə orqanına müraciət etmədiklərini bildirən səhmdar, məktub vasitəsilə müxtəlif şəxslərə və qurumlara müraciət etdiklərini deyib.
O bildirir ki, buna etiraz bir qrup səhmdar iyul ayının 23-də Ucar Pambıq Emalı Zavodunun qarşısında toplaşıblar. Bəxtiyar Kərimov isə həmin anın görüntülərini lentə alaraq redaksiyamıza təqdim edib. Kadrlarda Ucar rayon İcra Hakimiyyətinin əməkdaşı olduğu bildirilən şəxs səhmdarlara məsələ ilə bağlı məlumat verdiyi müşahidə olunur.
Həmin kadrları təqdim edirik:
Məsələ ilə bağlı "MKT İstehsalat Kommersiya MMC"-nin nəzdində fəaliyyət göstərən Ucar Pambıq Emalı Zavoduna müraciət etdik.
Zavodun baş mexaniki Kamran Səmədov bildirdi ki, burada heç bir aksiya keçirilməyib, bu sadəcə zavodun səhmdarları ilə görüşlərindən biri idi: "1996-97-ci illərdə Azərbaycan Respublikasında özəlləşdirmə keçirilib. O zaman da zavodda işləyən adamların hərəsinə 2 pay səhm verilib. 1999-cu ildən isə zavod MKT İstehsalat Kommersiya MMC-nin nəzdində fəaliyyət göstərməyə başladı. Burada heç bir aksiya keçirilməyib. Bizim ildə 2-3 dəfə səhmdarlarımızla görüşməyə haqqımız var. Onların tələbi sadəcə olaraq bundan ibarət idi ki, divident istəyirlər. Divident də, məlumdur ki, gəliri olan müəssisələrdə səhmdarlara ödənilir. Bu müəssisənin də rəqəmlərlə təsdiq edilmiş şəkildə gəliri olmadığı üçün heç bir səhmdara divident ödənilməyib. Müəssisənin 3000-dən artıq səhmdarı var".
O həmçinin zavod rəhbərliyinin səhmdarlara etdiyi təklif barəsində də danışıb: "O ki, qaldı səhmlərinin onlardan alınması məsələsinə, onlar istədikləri zaman Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək öz səhmlərinin qiymətini öyrənə bilərlər. Zavod rəhbərliyi də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən səhmlərə verilən dəyəri onlara təklif edir".
Baş mexanik həmçinin həmin səhmdarlar arsında təxribatçılıq edənlərin olduğunu bildirib: "Onu da qeyd edim ki, həmin səhmdarlar arasında təxribata meyilli adamlar var. Nəslində-kökündə zavodda işləməmiş adamlar var ki, onlar indiki vəziyyətdən istifadə edib respublikamızın bu sabitlik, firavanlıq, və inkişafa getdiyi dövrdə bu işləri pozmaq istəyən qüvvələrdir".
Tətbiqimizi yükləyə bilərsiniz