Almaniyada yaşadığı kampda dərman preaparatı qəbul edərək intihar edən Humay Məmmədova ilə bağlı bəzi məlumatlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Almaniyada mühacirətdə olan fəalı Eltac Əlisoyun AzEuroNews.com-a verdiyi məlumata görə, Azərbaycanda məhkəmə H.Məmmədovaya haqsızlıq edərək rüşvət müqabilində tək övladı olan Fatiməni onun əlindən almaq istəyirmiş: “Təsəvvür edin, həyat yoldaşı milliyətcə bütün günü spirtli içkilər qəbul edən rus imiş. Hər gün içib evə gəlirmiş, uşağı və anasını döyürmüş. Elə bu səbəbdən başından ağır travma almışdı. Aldığı zərbələrdən eşitmə qabiliyətinin 70 faizini itirmiş, sonda isə ailə daxili münaqişələrdən bezərək boşanma həddinə qədər gəlib çıxmışdı. Boşandıqdan sonra da keçmiş həyat yoldaşı bundan əl çəkmirmiş. Rüşvət müqabilində məhkəmə yolu ilə tək övladları olan Fatiməni də Humayın əlindən almağa çalışırmış. Artıq dövlətin də dəstəyini ala bilməyən xanım sonda məcbur qalaraq uşağını da götürüb Almaniyaya üz tutub”.
E.Əlisoy H.Məmmədovanın intihar səbəbi ilə bağlı da danışıb: “Deyilənə görə, onun Almaniyada intihar etməsinə səbəb Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Fedral İdarənin (BAMF) çıxardığı qanunsuz qərar olub. Ancaq Humay zəif qadın deyildi. O, tək övladı üçün buralara qədər gəlib çıxmışdı. Tək övladı üçün yaşayan bir qadın o övladını tək qoyub, intihar etməzdi. Çox guman ki, etiraz vasitəsi kimi özünü intihara cəhd edirmiş kimi göstərməyə çalışıb, lakin işlər planlaşdırdığı kimi getməyib. Qəbul etdiyi həblər tez qanına işləyib və sonu da məlum məsələdir”.
Xatırladaq ki, ötən gün Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqın düşərgəsində intihar hadisəsi baş verib. Bu barədə AzEuroNews.com–a Almaniyada fəaliyyət götərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə, qaçqın kampında yaşayan Məmmədova Humay dərman içməklə özünə qəsd edib. 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, ötən gün xəstəxanada dünyasını dəyişib. 40 yaşlı qadının intiharına ilkin səbəb kimi “Dublin” qərarının obyektiv araşdırılmaması olub.
H. Məmmədova xəstəxanaya aparılan zaman 9 yaşlı qızının Almaniyada yaşayan bacısına verilməsini xahiş edib.
Ə.Əliyevin sözlərinə görə, bu gün başqa bir azərbaycanlı xanım da Berlində özünə qəsd edib. O, hazırda xəstəxanadadır.
Hüquşünasın sözlərinə görə, bu son 10 gündə Almaniyada üçüncü intihara cəhd hadisəsidir.
Məlumata görə, Humay Məmmədova 1979-ci ildə Qərbi Azərbaycanda anadan olub. Müəyyən müddət Azərbaycanda hərbçi kimi çalışıb və sağlamlığında problemləri olub. Lakin həkimlər onun müalicəsinə diqqət ayırmayıb.