10 min rüşvət almaqda suçlanan VƏZİFƏLİ ŞƏXS: "Başqalarının oyunudur"


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin vəzifəli şəxsləri Mehdi Abdullayev və Novruz Alkərəmov barəsində cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılan hər iki şəxs rüşvət almaqda ittiham edilirlər.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs ifadə verib.

Məhkəmə iclasında sərbəst ifadə verən Mehdi Abdullayev baş məsləhətçi olduğunu deyib.

Özünü qətiyyən təqsirli bilməyən Abdullayev ittihamın əsassız olduğunu və heç bir sübuta söykənmədiyini deyib.

Abdullayev qeyd edib ki, iş ilə əlaqədar gün ərzində bir neçə vətəndaşla görüşür.

O, bu işdə adı keçən və rüşvət aldığı iddia edilən Teymur Aslanovu tanımadığını deyib:

"Mən onu görəndə də tanımadım. Bir dəfə istintaqda görmüşəm. Heç vaxt da ondan rüşvət almamışam, görüşməmişəm. Bunu sübut edən bir fakt da yoxdur. O da digər vətəndaşlar kimi nazirliyə müraciət edib, müraciəti də aidiyyəti üzrə baxılıb".

Suallara cavab verən Allahverdiyev qeyd edib ki, vətəndaşlar departamentə müxtəlif yollarla müraciət edə bilir: "Vətəndaş elektron formada, poçt vasitəsi ilə, nazirə müraciətlə və bizim yanımıza gələ bilərdi. Kim departamentə qəbula gəlsə, qeydiyyata düşməlidir. Əgər bu adam gəlibsə, qeydiyyatdan baxılsın".

Allahverdiyev deyib ki, Teymur Aslanov qərəzli şəkildə belə bir ifadə verib: "Yəqin ki, ona mənim şəklimi göstəriblər. Deyiblər ki, bu adamdan şikayət elə".

Hakim bildirib ki, bunun bir səbəbi olmalıdır: "Deyirsiniz ki, Teymur Aslanovu görməmisiniz, əlaqəmiz, danışığımız olmayıb. Teymur Aslanov yük maşınının sürücüsüdür. Onun ifadəsindən də məlum oldu ki, nazirliklə, sizin gördüyünüz işlə əlaqəsi yoxdur. Amma sizdən şikayətçidir. Buna aydınlıq gətirə bilərsiniz? Səbəb nə ola bilər?".

Allahverdiyev suala cavab verə bilməyib. Sadəcə onu söyləyib ki, bu, başqa şəxslər arasında olan mübahisənin nəticəsidir.

İttihama görə, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması faktları olub.

Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət aldığı bildirilir.

M. Abdullayevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top