Bakı-2019: Azərbaycan güləşçiləri daha 6 medal qazanıblar


Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında güləş yarışlarının ikinci günü başa çatıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, ümumilikdə 7 çəki dərəcəsində final və 3-cü yer uğrunda qarşılaşmalar baş tutub.

Yunan-Roma və sərbəst güləşin hərəsində iki, qadın güləşində üç çəkidə qaliblər bəlli olub. Azərbaycan milli komandası günü 6 medalla - 2 qızıl, 3 gümüş və 1 bürünc mükafatla yekunlaşdırıb.

Yunan-Roma güləşində Qurban Qurbanovun (48 kq) qızıl medal uğrunda görüşdəki rəqibi Xviça Abuladze (Gürcüstan) olub. 6:0 hesablı qələbə qazanan idmançımız qızıl medala yiyələnib.

Həsrət Cəfərov (60 kq) finalda Maqomed Qiqiyevlə (Rusiya) qarşılaşıb. 7:0 hesablı qələbə qazanan idmançımız festivalın çempionu adına sahib olub.

Qadın güləşində də iki idmançımız medal uğrunda qarşılaşmada qüvvəsini sınayıb. Gültəkin Şirinova (46 kq) finalda Georgiana-Lavinia Antuka (Rumıniya) ilə münasibətinə aydınlıq gətirib. Güləşçimiz görüşə fəal başlasa da, yekunda gümüş medalla kifayətlənib.

Mərziyə Sadıqova (61 kq) çempionluq üçün italiyalı Aurora Russo ilə üz-üzə gəlib. 4:10 hesabı ilə uduzan milli üzvü ikinci yeri tutub.

Sərbəst güləşdə Mircavad Nəbiyev (48 kq) bürünc medal uğrunda Tomas Fişeri (İsveçrə) sınağa çəkib. 10:0 hesablı qələbə qazanan təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Sabir Cəfərov (60 kq) finalda rusiyalı Fyodor Baltuyevlə güləşib. Rəqibin üstünlüyü ilə keçən görüş həmyerlimizin 3:7 hesablı məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, millimizin qazandığı mükafatların sayı 10-a çatıb. Bunlardan 4-ü qızıl, 4-ü gümüş, 2-si bürüncdür.

Qeyd edək ki, daha öncə güləş üzrə milli komanda 4 medal qazanıb. Sərbəst güləşçilər Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş, yunan-Roma güləşçiləri Fərid Sadıxlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc mükafat əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top