Mingəçevirin icra başçısı media nümayəndələrini təbrik edib - FOTO


Milli Mətbuatın 144-ci il dönümü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yerli və bölgə  jurnalistləri ilə görüş keçirib. Yeniavaz.com xəbər verir ki, öncə jurnalistlər  ehtiram əlaməti olaraq ulu öndərin heykəli önünə tər çiçəklər düzüblər.
Daha sonra şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə  icra başçısı İlham İsmayılov çıxış edərək jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edib. Azərbaycan mətbuatının 144 illik şanlı yoluna nəzər salaraq, Ümummilli Liderin və onun davamçısı Prezident İlham Əliyevin KİV-in inkişafına daim diqqət göstərdiklərindən qeyd edən İ. İsmayılov deyib: "144 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Eyni zamanda şəhərdə aparılan quruculuq-abadlıq işlərindən söz açan İ. İsmayılov  görülən işlərin mətbuatda vaxtlı-vaxtında işıqlandırıldığını vurğulayaraq deyib: “Bu baxımdan Yeniavaz.com saytının əməkdaşı Esmira Hidayətovanın əməyini və fəaliyyətini  yüksək dəyərləndirirəm. Belə ki, şəhərlə bağlı mütamadi olaraq həm operativ, həm də düzü-düz-əyrini əyri formada işıqlandırır. Düzdü, problemdən yazmaq bizə xəbərdarlıqdır. Biz görmədiklərimizi sizlər görürsünüz. Bütün yazarlara öz təşəkkürlərimi çatdırıram. Mingəçevirdə hələ görülən işlər çoxdur. Mən təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu böyüklükdə şəhərin televiziyası yoxdur. Bununla bağlı danışıqlar aparılıb, ola bilər ki, şəhər televiziyasının bərpası mümkün oldu”.
 Daha sonra “Mingəçevir” qəzetinin baş redaktoru  Mirsədi Daşdəmirov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru  Fərman Nəbiyev, “Bənövşə” jurnalnın redaktoru İsmayıl İmanzadə, “Yeniavaz .com” saytının  “bölgə müxbiri Esmira Hidayətova,  bölgə müxbiri Yusif Ələkbərov, “Apa.az” saytının bölgə müxbiri Ehtiram Muradov, “Az.TV”nin operatoru Şahmurad Məmmədov  və başqaları çıxış edərək milli mətbuatın yaranma tarixindən, milli mətbuatın qazandığı naliyyətlərdən, qəzet redaktorları qəzetin abunəsində yaranan problemdən söz açıb, şəhərlə bağlı yeni təkliflər irəli sürüblər. İ. İsmayılov media nümayəndələri ilə xatirə şəkili çəkdirib. Sonda media nümayəndələri süfrə arxasında bir araya gəliblər.
Esmira Hidayətova,Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top