"İqtisadi baxımdan bərbad olan Azərbaycan mətbuatı KİVDF-nin əlinə baxır" - Ələsgər Məmmədli


Bu gün Azərbaycanda milli mətbuatın doğum günüdür. 144 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu və cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Bəs müasir Azərbaycan mətbuatı həmin yolu davam edə bilirmi? Millətin, onu haqq səsinin carçısı olmağın öhdəsindən gələ bilirmi?

Bu və digər suallarımızı media məsələləri üzrə ekspert Ələsgər Məmmədliyə yönəltdik. Ə.Məmmədli Yeniavaz.com-a verdiyi müsahibəni sizə təqdim edirik.

- Ələsgər müəllim, Azərbaycan mətbuatının bugünkü vəziyyətini necə qiymətləndirirsiz?
- Azərbaycan mətbuatının bugünkü vəziyyətini bir neçə istiqamətdə qiymətləndirmək olar. Azərbaycan mətbuatı iqtisadi baxımdan bərbad vəziyyətdədir. Sahibkarlığın şəffaflığı baxımından gizlədilir. Ümumiyyətlə 2012-ci ildə hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunda təsisçilərə dair informasiyalar kommersiya sirri olaraq müəyyən edilib. Bu baxımdan burada şəffaflıq yoxdur. Reklam bazarında ciddi darlıq olduğu üçün maddi gəlirlər demək olar ki, yox səviyyəsindədir. Hökumət mediada böyük üstünlük əldə edib. Yəni hökumətin təsis etdiyi çox sayda televiziya, radio və mətbuat var. Eyni zamanda hökumət tərəfindən mətbuata böyük pullar ayrılır. O pulların verilməsi də nəticə etibarı ilə azad medianın, müstəqil medianın inkişafına ciddi maneələr yaradır. Təbii ki, medianın informasiya təminatı, çıxış imkanları da məhduddur. Bu sahəyə ciddi nəzarət yoxdur. Ayrıca dövlət qurumları faktiki olaraq heç kimə hesabat vermədiyi üçün informasiyaları ciddi şəkildə gizləməklə məşğuldurlar. Bu da medianın informativ istiqamətdə fəaliyyətini doğru qura bilməməsi ilə nəticələnir.

- Azad media deyəndə nə başa düşülməlidir?
- Azad media deyəndə ilk növbədə təsisçiliyin sərbəstliyi, yəni bu və ya digər formada maneələrin çıxmadığı, dövlətin, dövlət qurumlarının, səlahiyyətli şəxslərin  mane olmadığı, rahat lisenziya ala bilən, eyni zamanda rahat şəkildə istədiyini yaya bilən media nəzərdə tulur. Azad media deyəndə jurnalistin sərbəst informasiya toplaması və özünü ifadə etməsi, senzuranın tətbiq olunmaması başa düşülür. Azad media deyəndə iqtisadi mənbələrə çıxış imkanları geniş olan və hər hansı bir məhdudiyyət təqbiq olunmayan media nəzərdə tutulur. Azad media deyəndə ilk növbədə reklam bazarı olan və reklam bazarında özünü ayaqüstə saxlaya biləcək resursları cəlb etmə qabliyyəti olan mühit başa düşülür. Azad media deyəndə  jurnalistlərin hər hansı bir fomada təqib olunmaması, əgər hər hansı bir formada jurnalistə yönəlik təqib, basqı, və onun kimi bir hadisə varsa ,o zaman həmin adamın hüquqi çərçivədə cəzasını aldığı, ədalətli araşdırmanın apardığı mühit başa düşülür. Bu sadaladıqlarım azad medianın ən vacib şərtlərindəndir.

- Sərhədsiz Reportyorlar Təşkilatı bu il üçün açıqladığı  "Dünya Mətbuat Azadlığı İndeksi" hesabatında Azərbaycan 180 ölkə arasında 166-cı, Gürcüstan 60-cı, Ermənistan 61-ci yerdə qərarlaşıb. Qonşu ölkələrlə Azərbaycan arasında bu qədər ciddi fərqin olması nə qədər realdır? Bu fərqin ortaya çıxmasında əsas səbəbi nədə görürsünüz?
- Bu fərq əslində real fərqdir. Çünki bu gün istər Gürcüstanda, istsərsə də Ermənistanda mediada müəyyən mənada kifayət qədər demokratiya var. Yəni müqayisəli olaraq. Təbii ki, bizə nisbətdə. Məsələn özəl təşəbbüslərin hər birinin televiziya açmaq, lisenziya almaq imkanı var. Azərbaycanda isə müəyyən   çevrələrə yaxın olan adamlardan başqa heç kim teleradio lisenziyası ala bilmir. Azərbaycanda son iki ildə artıq internet də bloklanır. İnterneti bloklama səlahiyyəti bir başa Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilib. Beynəlxalq reytinq qurumları məhkəmə qərarı olmadan bloklamanı kifayət qədər ciddi, azaldığı məhdudlaşdıran arqument kimi görür. Reytinqdə qonşularımızdan geri qalmağımız ölkəmizdə media azaldığının boğulmasi ilə bağlıdır.

- Qəzetlərin tirajı tədricən azalmağa doğru gedir. Qəzetlərin gələcək fəaliyyətini necə görürsünüz?
- Qəzetlərin tirajının azalması və ümumiyyətlə yavaş-yavaş sıradan çıxması dünyada baş verən bir trenddir. Çünki elektron media sürətlə inkişaf etdi və bu inkişafın nəticəsində qəzetlərin geri planda qalması təbiidir. Ancaq Azərbaycanda bu sadəcə elektron media ilə bağlı deyil. Qəzetlər neçə ildir dövlət dəstəyi ilə ayaqda durur. KİVDF bu məqsədlə yaradılıb. 2009-cu ildən bu yana KİVDF-nin dəstəyi olmasaydı yəqin ki, qəzetlər dövriyyədən çıxardı. Baş verən prosses tamamilə obyektivdir. Qəzetlər aktual və operativ deyil. Bu baxımdan onların uzunmüddət bu səviyyədə, ələbaxımlı şəkildə yaşaması mümükün deyil.

- Qeyd etdiyiniz kimi qəzetlərə KİVDF-nin xətti ilə hər il dövlət tərəfindən yardım edilir. Bu cür yardımlar mətbuata nə verir?
- Mətbuata öz perspektivini görmə şansı vermir. Beləliklə də mətbuat xüsusi ilə ildə iki dəfə veriləcək vəsaitə göz tikir. Öz biznes planını, inkişafını, idarə etmə imkanlarını normal götür-qoy edə bilmir. KİVDF mətbuatı ələbaxımlı edir.

- Sosial şəbəkələr və internet mediası ənənəvi medianı əvəzləyə bilirmi?
- İnternet mediası və sosial şəbəkə artıq ənənəvi medianı əvəzləyib. Diqqət etsək gündəm daha çox sosial şəbəkələrdə müzakirə olunur və deyə bilərəm ki, gündəm yönləndirilir. İnsanların sosial şəbəkələrdə fəaliyyətinə baxaraq deyə bilərik ki, internet mediası və sosial şəbəkələr ənənəvi medianı çoxdan üstələyib.

- Bəs sosial şəbəkələr və internet mediasının əsas problemləri hansılardır?
- Sosial şəbəkələr və internet mediasının əsas problemləri bağlama, bloklanma və yaxud filtirlənmə qorxusudur. Çünki ölkədə internet mediaya artıq blok qoyula bilir. Sosial media üzərindən yayılan informasiyalara və paylaşımlara görə anonim olarsa cinayət məsuliyyəti var. Anonim olmasa belə mübahisəli ola bilir. Diffamasiya bu baxımdan kifayət qədər qorxuducu və çəkindiricidir. Bu da sosial media istifadəçilərini istər istəməz çəkindirən amillərdən biridir.

- İnternet mediası artıq media qurumu kimi özünü təsdiq edə bilibmi? Etibarlılığını təmin edib?
- İnternet mediası birmənalı olaraq etibarlılığını təmin edib desək yalan olar. Çünki internet mediasında çox sayda yalan informasiyalar olur. Daha bir vacib problem isə odur ki, internet mediasında olanlar peşəkar jurnalistlər deyil. Daha çox internet üzərindən onlara yaradılmış imkanlar hesabına yayıcı kimi çıxış edirlər. Bu prossesə qatılan insaların həm qanun, həm də etik çərçivələr baxımından bilgiləri yetərli olmur. Bu da informasiya alan insanlara yanlış məlumatların ötürülməsinə gətirib çıxara bilir. Bu hal uzun müddət davam edəcək. Ancaq internet mediasında olan bəzi portallar, saytlar, informasiya agentlikləri var ki, fəaliyyətlərində peşəkar kadrlardan istifadə edir. Bu isə onların daha etibarlı olması ilə nəticələnir.

- Televiziyada olan verilişlərin keyfiyyətinin aşağı olması tamaşaçının tələbidir ya media işçilərinin olanı budur?
- Televiziyalardakı verilişlərin keyfiyyətinin aşağı olması mən deməzdim ki, sadəcə peşəkarlıq problemidir. Qismən peşəkarlıq problemi də var və onların olanı budur da deyə bilərik. Çünki televiziyalar, əgər zamanında baxsaydıq xeyli şəkildə plüralist ola bilirdilər. Amma onlara ictimai əhəmiyyətli mövzularda müzakirə imkanı verməyəndə eyni zamanda məhdudiyyətlər çoxalanda daha çox o mövzulara toxunurdular ki, heç kimi rahatsız edə bilmir, xüsusi ilə siyasiləri qorxutmur. Belə olan halda bayağı verilişlər daha çox üstünlük təşkil edir. Bu işin birinci tərəfi. İşin ikinci tərəfi isə reklam verənlər və televiziya sahibləridir. Onlar daha çox keyfiyyətsiz verlişlərə yönəlirlər. Bu, tamaşaçılardan gələn bir tələb deyil. Düşünürəm ki, bu tələb tamaşaçıdan gəlsəydi o zaman Azərbaycanda reytinqlərdə birinci türk kanalları çıxmazdı. Deməli türk kanalları baxılırsa bu həm də onların tamaşaçı zövqünə uyğun yayım verdiyinə bağlıdır. Qeyd etdiyim aspektdən baxanda televiziyaların belə vəziyyətdə olmasının səbəbi birinci  pul vərənlər və televiziyaların sahibləri, ikinci qismən kadırların keyfiyyətsiz və aşağı səviyyədə olmasıdır.

- Media reklam aldığı qurumu tənqid edə bilərmi?
Hüquqən bir məhdudiyyəti yoxdur ancaq praktiki olaraq edə bilmirlər. Çünki reklam mənbələri çox məhduddur əgər cəlb olunan reklam varsa,  ya sifarişlə cəlb olunmuş olur, yaxud göstərişlə olur. Çox nadir hallarda qurumlar özləri reklam tapa bilir. Onları tənqid etmək faktiki olaraq mənbəni, qaynağı itirmək deməkdir. Bizdə reklam verənlər də o mədəniyətdə deyil ki, jurnalistin obyektivliyinə basqı etməsin. Sponsordursa və reklam veribsə deyir ki, nə çalıram ona da oynamalısan. Bunu daha çox televiziya və radiolarda görürük. Sponsorlar və reklam verənlər çalışırlar ki bütün verilişlərin mahiyyəti onlara həsr olunsun nəinki onların tənqid olunması.

- Milli Arxiv fondu haqqında Qanuna edilməsi gözlənilən dəyişikliyə etiraz etdiniz. Bu etirazın hər hansı bir təsiri oldumu?
- Əslində biz ona görə tənqid edib və ya doğruları göstəririk ki, o məsələ nə vaxtsa kimlər üçünsə problem yaradacaq. Bunu nəzərə alıb əvvəlcədən doğrunu göstərmək ictimai baxımdan bizim vəzifəmizdir. Ancaq nə qədər əhəmiyyət verilməsi onların biləcəyi işdir. Son dəyişikliklərə etiraz etdik ona görə ki, həmin dəyişikliklər kifayət qədər qeyri-legitim dəyişikliklərdir. Bu gün heç bir əsas olmadan sovet dönəminə aid arxivlərin belə gizlədilməsi, hansısa erməni Şaumiyanın, Kirovun yaxud Mikoyanın və.s dosyalarının əlçatmaz edilməsi, bu səlahiyyəti də birbaşa Arxiv İdarəsinin rəhbərinə vermək mən düşünürəm ki, birmənalı olaraq həm tarixi araşdırmaların önünə sədd çəkmək, həm gerçəklərə çıxış imkanlarını məhdudlaşdırmaq, həm də gələcəkdə doğru bilgilənmək imkanlarını məhdudlaşdırmaqdır. Legitim də deyil. Çünki burada qorunan hüquqi mənafe yoxdur. Düşünürəm ki, tənqidlər zəruridir və zaman zaman dərhal olmasa da öz təsirini göstərəcək.

Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top