"Azərbaycan" qəzetində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və yarı-ayrı qurumların təşkil etdiyi jurnalistlərin fərdi yazı müsbiqələri tənqid edilib.
Yeniavaz.com rəsmi qəzetdə dərc edilən "Müsabiqə keçirmək, yoxsa inşa yazdırmaq" başlıqlı məqaləni oxuculara təqdim edir:
Allah rəhmət eləsin Həsən bəy Zərdabiyə. 144 il öncə - 1875-ci il iyulun 22-də nəşrinə başladığı "Əkinçi” qəzeti ilə xalqımıza Milli Mətbuat Günü adlı əvəzsiz bir tarix bəxş etmişdir. Artıq xeyli vaxtdır bu tarixi təkcə jurnalistlər yox, bütün Azərbaycan ictimaiyyəti əziz bayram kimi qeyd edir.
Xüsusən dövlət səviyyəsində yaddaqalan müxtəlif tədbirlər keçirilir. Təkcə milli mətbuatımızın yubileylərində jurnalistlərin ölkənin ali mükafatlarına layiq görülməsi və KİV nümayəndələrinə dövlət tərəfindən mənzillərin hədiyyə olunmasını göstərmək kifayətdir ki, Azərbaycan hakimiyyətinin ölkə mediasına verdiyi qiymətin və dəstəyin sözdə yox, əməldə hansı səviyyədə olduğu bir daha təsdiqlənsin.
Jurnalistlərin peşə bayramına ayrı-ayrı nazirliklər, komitələr, ASC-lər, iri şirkətlər də diqqətsiz qalmırlar. Onlar da müxtəlif forma və məzmunlu tədbirlərlə KİV təmsilçilərinə sayğılarını nümayiş etdirirlər. Həmin tədbirlər sırasında isə keçirilən yazı müsabiqələrinin xüsusi yeri, üstün çəkisi var və qeydlərimiz də məhz bu barədədir.
Öncə onu bildirək ki, belə müsabiqələrin keçirilməsinin jurnalist peşəsinə hörmətdən və eyni zamanda dövlətin bu sahəyə göstərdiyi xüsusi qayğıya dəstək verməkdən irəli gəldiyinə zərrə qədər şübhəmiz yoxdur. İkincisi, məhz bu səmimi münasibətə və diqqətə görə həmin müsabiqələrin təşkilatçılarına təşəkkür edirik!
Dünya təcrübəsində media müsabiqələrinin keçirilməsinin, KİV nümayəndələrinin mükafatlandırılmasının çoxsaylı nümunələri var. O üzdən bu nümunələri fərqləndirən və birləşdirən cəhətlər də az deyil. Həmin nümunələri sadalayıb o cəhətlər barədə uzun-uzadı yazmaq fikrimiz yoxdur. Amma bir cəhət var ki, onun üzərində dayanmamaq mümkün deyil. Bu həmin cəhətdir ki, oxuduğunuz qeydlərin qələmə alınmasına səbəb olub. Nəhayət, keçək əsas mətləbə.
Mətləbinsə əsası odur ki, heç bir ölkədə jurnalistləri və ya media qurumlarını mükafatlandırmaq üçün keçirilən müxtəlifyönlü tədbirlər öncəsi KİV nümayəndələri, yaxud qurumları üçün hansısa mövzu seçilmir, şərtlər irəli sürülmür. Tədbirin təşkilatçıları sadəcə müəyyən bir dövr, əsasən də il ərzində kütləvi informasiya vasitələrini izləyir və ictimai maraqlara cavab verən mövzular üzrə fərqlənənləri müəyyən edərək mükafatlandırırlar. Yəni jurnalistlərin və ya media qurumlarının hansı yazılarının, yaxud verilişlərinin gələcəkdə hansı münsiflər heyətinin diqqətini çəkərək qalib elan ediləcəklərindən xəbərləri olmur. Onlar sadəcə hər gün cari işləri ilə məşğul olurlar və özləri də bilmirlər ki, bu zaman həm də gələcək müsabiqələrin subyektinə çevrilirlər.
Onu da qeyd edək ki, belə qayda təkcə KİV üçün keçirilən müsabiqələrdə tətbiq olunmur. Müqayisə səviyyə sarıdan yerinə düşməsə də, örnək çəkək: dünyaca mötəbər Nobel mükafatını verən eyniadlı komitə və cəmiyyətin heç ağlına gələrmi ki, bir il əvvəldən ayrı-ayrı sahələr üzrə... mövzular və şərtlər elan etsin?! Yaxud götürək Oskardan tutmuş Kannacan beynəlxalq kino festivallarını. Bu nüfuzlu kinoyarışmalarının qaliblərinin təşkilatçıların şərt kimi irəli sürdükləri mövzu əsasında film çəkdiklərini təsəvvür edirsinizmi?! Təbii ki, nəinki qəribə, hətta ağlagəlməz suallardır.
Bax, bizim nazirlik və komitələrin həm Milli Mətbuat Günü ərəfəsində, həm də ara-sıra KİV arasında keçirdikləri müsabiqələrdə şərt kimi tətbiq etdikləri qaydalar da həmin cavabı məlum kinayəli suallardan doğan qəribəlikdən uzağa getmir. Bu cür müsabiqələr, o cümlədən təqdim olunan mövzular sanki hansısa jurnalistin peşəkarlığını, müraciət etdiyi mövzunun əhəmiyyətini, qayəsini ictimaiyyətə çatdırmaq bacarığını qiymətləndirməyə yox, təşkilatçının təbliğinə xidmət edir. Həmin ehtimalı artıran müsabiqə yazılarının təkcə məzmunu yox, eyni zamanda forması, həcmi, təqdimatı üçün irəli sürülən şərtlərdir. Məqalənin sonunda yazının filan qurum tərəfindən filan mövzuda keçirilən müsabiqəyə təqdim olunmasının göstərilməsinin vacibliyi şərti isə bir ayrı sualdır. Başa düşmək olmur ki, təşkilatçıların axtardıqları nədir - aktual mövzunun ictimaiyyətə peşəkarcasına çatdırılması, yoxsa özünün müsabiqə keçirməyinin nümayişi?
Bu suala cavab vermək üçün redaksiyamızdan bir misal çəkək: əməkdaşımız yaxın keçmişdə dünyanın çoxdan ölkəmizdə fəaliyyət göstərən köklü-köməcli törəmə şirkətlərindən birinin vacib layihəsi barədə məqalə yazmışdı. Qəzetimizdə dərc olunan məqalə şirkətin xarici mütəxəssisləri tərəfindən o qədər bəyənilmişdi ki, onlar yazını öz ölkələrindəki nəşrlərin birində dərc etdirmişdilər. Az müddət sonra sözügedən şirkət elə həmin mövzuda müsabiqə elan etmiş və bu məqalə... ondan kənar qalmışdır. Səbəbi məqalənin məxsusi müsabiqə üçün yazılmaması olmuşdur.
Belə misalların sayını artırmaq da olar. Bizim çoxsaylı KİV-də hər gün sanballı, ictimai rəyə təsir göstərən, cəmiyyətə doğru-dürüst məlumat verən, hadisələri obyektiv işıqlandırıb şərh edən məqalələrə rast gəlmək mümkündür. Sosial-iqtisadi mövzulardan başlamış mədəniyyət və mənəviyyata, təhsil və səhiyyəyə, bir sözlə, həyatımızın bütün sahələrinə aid həmin məqalələr arasında mükafata layiq olanlar da az deyil. Əgər belədirsə, yazılmışları seçib qiymətləndirmək orta məktəb şagirdinə inşa yazdırmağa bənzəyən müsabiqə elan etməkdən daha məqbul deyilmi?!
Raqif MƏMMƏDLİ,
"Azərbaycan”