Keçmiş baş prokurorun müavini həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, altı il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, M.Cəfərov həbsdən əvvəl Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib.

Həmçinin, o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top