"Ağstafada 4 km-lik yolda 3 radar, 3 kamera qurlaşdırılıb" - Vilayət Eyvazova ŞİKAYƏT


Qazax rayon sakini Şöhrət Mehdiyev Qazax və Ağstafa rayonları arasında 4 km-lik yolda qurlaşdırılan 3 müşahidə kamerası və 3 radarla bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. O müracətində “902” qaynar xəttinin zənglərə cavab verməməsindən də şikayətlənib.

Yeniavaz.com həmin müracəti olduğu kimi təqdim edir:

"Yeniavaz.com saytının redaksiyasına Qazax şəhəri Ə.Seyidov küçəsi, 9 saylı evdə yaşayan 1957-ci il təvəllüdlü Mehdiyev Şöhrət Səfər oğlu tərəfindən müraciətin Azərbaycan Respublikası Daxili Daxili İşlər Naziri cənab Vilayət Eyvazova göndərilməsini və öz saytınızda yayımlanmasını sizdən xahiş edirəm.

Hörmətli cənab Nazir, Daxili İşlər Naziri təyin olunmağınız münasibətilə sizi təbrik edirəm. Sizə müraciət etməyimin səbəbi isə lazımsız yerlərə radar qurğuları və müşahidə kameralarının qoyulması ilə əlaqədardır. Ağstafa rayonunun Dağ Kəsəmən kəndi (463 km) ərazisində müşahidə kamerası qoyulub. Həmin yerdə mağaza və avtomobil dayanacağı da var. Orada dayanan kimi ağacın arxa tərəfində görünməyən yerdə qoyulmuş kamera “dayanma-durma” nişanı olmadığı halda 40-60 AZN arası cərimələr edir. Eyni zamanda paralel olan kəndin içindən çıxıb, həmin yola birləşən hissədə düz xətt qoyublar ki, xətti tapdalamadan keçməmək mümkün deyil. Həmin yerdə qoyulmuş müşahidə kamerası isə həmin dəqiqə çəkir və 60 AZN cərimə gəlir. 17.05.2019-cu il tarixdə mən avtomobildən düşmədən dayanıb söz soruşub getmişəm 40 AZN cərimə göndəriblər.

Hörmətli Cənab Nazir, sizə müraciət etməyimin səbəbi onsuz da rifahı pis olan aşağı təbəqənin çox saylı narazılığıdır. Əlavə olaraq məlumat üçün bildirirəm ki, 03.07.2019-cu il tarixdə mənə edilən cərimə ilə əlaqədar saat 11:00-dan 12:35-ə qədər DYP-nin “902” qaynar xəttinə zəng vurdum cavab verən olmadı. Məcbur olub 102 xidmətinə müracət etdim. Xeyli vaxt itirəndən sonra Cəfərova soyadlı, sonra isə İsmayılova soyadlı operatorlar məni “902” ilə birləşdirməyin mümkün olmadığını bildirdilər. Xidmətin “qaynar xətt” adlanmasına baxmayaraq 2 saata yaxın vaxt itirdim, ancaq heç kimə müraciət edə bilmədim. Hansı ki, 1.5 dəqiqə dayanıb maşından düşmədiyim halda mənə cərimə yazıldı. Eləcə də Ağstafa rayon Dağ Kəsəmən kəndindən tikiş fabrikinə qədər, təxminən 3-4 km məsafədə 3 müşahidə kamerası və 3 radar qurğusu qoyulub. Bu isə əhalinin haqlı qıcıqlanmasına səbəb olaraq xalqla hakimiyyət arasında narazılıq yaradır. Belə ki, bura qonaq gələnlər və ya yerli sakinlər qonşu Gürcüstan və Rusiya Federasiyasında belə şeylərin olmadığını bildirirlər.

Cənab Nazir, əhalinin vəziyyətini nəzərə alıb həddən artıq yerdə qoyulmuş radar qurğularını və çəkib ötürmə qabliyyəti olan müşahidə kamralarının lazımlılıq dərəcələrinin yoxlanılmasına eləcə də “902” qaynar xəttinə edilən zənglərə cavab vermələri barədə müvafiq göstəriş verməyinizi sizdən xahiş edirəm".

DİGƏR XƏBƏRLƏR

Top