Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı


“Əgər prezident Donald Tramp həqiqətən İranın ballistik raketləri üzrə danışıqlara başlamasını istəyirsə, onun administrasiyası Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yaxın Şərqdəki digər müttəfiqlərinə on milyardlarla dollarlıq silah satışını dayandırmalıdır.

Bu sözlər İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin ABŞ-ın NBC kanalına verdiyi müsahibədə səsləndirilib.

“Əgər siz ballistik raketləri müzakirə etmək istəyirsinizsə, o zaman bizim bölgəyə satılan silahların sayından da danışın”,- deyə İran diplomatiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, keçən il 82 milyonluq əhaliyə malik İran öz Silahlı qüvvələrinə 16 milyard dollar pul ayırıb. Cəmi 1 milyon əhalisi olan BƏƏ-nin hərb büdcəsi 22 milyard dollar təşkil edib. İran əhalisinin yarısı qədər insanın yaşadığı Səudiyyə Ərəbistanı isə silah alınmasına 67 milyard dollar xərcləyib. Onların əksəriyyəti ABŞ silahlarıdır.

“Buna görə də Ağ Ev əgər bizim raketləri gündəmə gətirmək istəyirsə, raket daxil olmaqla bölgəyə silah satışını kəsməlidir”,- deyə Zərif bir daha sözlərini təkrarlayıb.

İran XİN-i ölkəsinin ABŞ-la müzakirələrə açıq olduğunu, lakin bunun üçün rəsmi Tehran üzərindəki sanksiyaların götürülməli olduğunu deyib.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top