“Sərhədi keçən adam güllələnməlidir” - Deputat


İyulun 14-də "Keşikçidağ” bir qrup Gürcüstan vətəndaşının Azərbaycan sərhədçilərini provokasiyaya çəkməsinin səs-küyü hələ də səngimir. Bəs Azərbaycan cəmiyyətində böyük etiraz doğuran bu insidentin baş verməsinin arxasında yatan səbəblər nədir? Bundan sonra eyni halın təkrarlanmaması üçün nə etməliyik?

Yeniavaz.com xəbər verir ki, Bakupost.az bu suallara cavab almaq üçün Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas müraciət edib. 
 
A.Abbas bildirib ki, Azərbaycan dövləti baş vermiş insidentlə bağlı Gürcüstana xəbərdarlıq etməlidir: "Ölkəmizdəki Gürcüstan Səfirliyinə nota verilməlidir ki, bir də belə hal təkrarlansa, Azərbaycan ordusu sizə layiqli cavabı verəcək. Bu çox ağır hadisədir, provokasiyadır. Arxasında nə gizləndiyini hələ bilmək olmur. Bu hadisədə başqalarının da əli ola bilər ki, gürcülərlə aramızı vursunlar”. 
 
Deputat deyib ki, azərbaycanlılar gedib pullarını Gürcüstana tökməsinlər: "Həqiqətən bu hədisə mənə pis təsir etdi. Gərək sərhədçilər döyülsə də, silahı verməyəydi. Gürcüstan dövləti bizdən üzr istəməli, sərhəçilərinə tapşırıq verməlidir ki, sərhəddə azərbaycanlılarla normal davransınlar. Eləcə də öz vətəndaşlarına. Əks halda, bu dövlətlər arasında münaqişələrə səbəb ola bilər”.
 
A.Abbasın sözlərinə görə, Azərbaycan sərhədçilərinin gürcülərə atəş açmağa hər cür haqqı var idi: "Sərhəddimi keçmisən, qanunu pozmusan. Amma bunun sonrası nə olacaqdı, mən bilmirəm. Qələt edib qayıdacaqlar yerlərinə. Yəni nə edəcəkdilər?! Sərhədi keçən adam güllələnməlidir. Bu, bütün dünyanın qanunlarındadır. Rusiya təyyarəsi bir neçə saniyə Türkiyənin üstündən uçmuşdu, onu vurmuşdular. Bu, mənim sərhəddimdir sən burdan necə keçəcəksən?”

DİGƏR XƏBƏRLƏR

Top