
Gürcüstan-Azərbaycan sərhədində, "Keşikçidağ" sahəsində ziyarətçilər və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə insidentin kadrları yayılıb. Kadrlarda bir qrup ziyarətçinin sərhədçilərimizlə mübahisə etdiyi müşahidə olunur. Sərhədçilərimizin isə ziyarətçilərin əsəbi hərəkətlərinə baxmayaraq öz soyuqqanlılıqlarını qoruduqları görünür.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, Gürcüstan-Azərbaycan sərhədində, "Keşikçidağ" sahəsində ziyarətçilər və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib. Lakin insident qısa müddət ərzində aradan qaldırılıb və hazırda vəziyyət stabildir.
Gürcüstan mətbuatının yazdığına görə, münaqişəyə səbəb guya azərbaycanlı sərhədçilərin kilsədən ikonanı icazəsiz çıxarmaları olub.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Həmçinin Gürcüstanın Daxili İşlər Nazirliyi ictimaiyyəti və vətəndaş qruplarını Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verməyə çağırıb. Gürcüstanın Birinci telekanalı xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz