Deputatlara 5000 manatdan çox pul veriləcək - MÜALİCƏ VƏ İSTİRAHƏT ÜÇÜN


Azərbaycan Milli Məclisinin (MM) deputatları tətilə çıxıb.

Yeniavaz.com xəbər verir ki, parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Sentyabrın 15-dən isə qanunverici orqanın komitələri fəaliyyətə başlayır.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. İylun 12-də yekunlaşan sessiya müddətində 5 plenar iclas keçirilib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.

DİGƏR XƏBƏRLƏR

Top