Çinin uyğurlarla bağlı siyasətinə müsəlman ölkələrindən DƏSTƏK


Şərqi Türküstandakı düşərgələrdə saxlanılan uyğur türklərini dərhal azadlığa buraxması üçün 22 ölkənin məktubla çağırışına Çindən cavab gəldi.
Yeniavaz.com “euronews”ə istinadla xəbər verir ki, Çin hökuməti 40-a yaxın ölkənin Birləşmiş Millətlər Təşkilatına məktub ünvanlayaraq terrorçuluğa qarşı mübarizədə onlara dəstək verdiyini elan edib. Həmin məktubda bu ifadələrə yer verilib:
“Terror və radikalizmlə qarşı-qarşıya qalan Çin, peşə-tədrisi və təlim mərkəzlərininin fəaliyyətə başlaması da daxil Sincan əyalətində bir sıra terrorçuluqla mübarizə tədbirləri görüb”.
BMT-nin İnsan Haqları Komitəsinə xitabən yazılan məktubu 37 ölkə imzalayıb. Həmin ölkələrə bir çox Afrika ölkələri ilə yanaşı Rusiya, Səudiyyə Ərəbistanı, Şimali Koreya, Venesuela, Kuba, Belarusiya, Myanma, Filippin, Suriya, Pakistan, Oman, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də daxildir.
Qeyd edək ki, ötən həftə sonu Avropa ölkələrinin üstünlük təçkil etdiyi 22 ölkə Çin hökumətinə məktubla müraciət edərək Şərqi Türküstandakı düşərgələrdə saxlanılan uyğur türklərinin dərhal azadlığa buraxılmasını tələb etmişdi.
Çin hökuməti isə məktubun həqiqətləri əks etdirmədiyini müdafiə edib və yazılanları "böhtan" kimi qiymətləndirib.
Başda ABŞ, AB, Beynəlxalq Əfv Təşkilatı və İnsan Hüquqlarının Müdafiəsi Təşkilatı olmaqla bir çox beynəlxalq təşkilat Çin hökumətindən həmin düşərgələrdəki uyğurları dərhal buraxmasını tələb etsə də, Çin Kommunist Partiyası həmin düşərgələrin peşə tədris mərkəzləri olduğunu iddia edir.
Buna baxmayaraq həmin düşərgələrə aparılanların əksəriyyətindən bir daha xəbər almaq mümkün olmur.

DİGƏR XƏBƏRLƏR

Top