Gömrükdə müsadirə olunan məhsullar necə satışa çıxarılır? - FOTO


Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara görə qurumun əməkdaşları tərəfindən mütəmadi olaraq ölkə ərazisinə daxil edilən saxta və yarasız məhsullar, eyni zamanda da bəyan edilmədən gizli yolla keçirilən, yaxud da aksiz markasız malları müsadirə edilir.

Yeniavaz.com xəbər verir ki, müsadirə olunan malların sonrakı aqibətinin necə olması insanlar tərəfindən hər zaman maraqla qarşılanır. Bugünlərdə sosial şəbəkələrdə müsadirə olunan mallardan birinin - "Cavallo" markalı siqaretin satılması barədə məlumat paylaşılıb. Sosial şəbəkə istifadəçiləri siqaretin üzərində "Müsadirə" yazılan aksiz markası ilə satışa çıxarılmasını təəccüblə qarşılayıblar.

Əslində necə olmalıdır? Müsadirə olunan məhsullar satışa çıxarıla bilərmi və bu proses hansı formada həyata keçirilir?

Məlumat üçün bildirək ki, bu ilin ilk 5 ayında gömrük orqanları 233 qaçaqmalçılıq faktı, 12 aksiz markasız mal idxalı faktı, 1 kənar keçirmə, 165 gizli keçirmə, 161 bəyan etməmə kimi faktlar aşkarlayıb və bu zaman küllü miqdarda məhsul müsadirə olunub.

Qeyd edək ki, müsadirə olunan məhsullar Nazirlər Kabinetinin "Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları" ilə, həmçinin “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”ı ilə tənzimlənir.

Bundan başqa Dövlət Gömrük Komitəsi sədrinin "Müsadirə edilmiş və dövlət mülkiyyətinə keçirilmiş malların, nəqliyyat vasitələrinin və digər əşyaların qəbulu, uçotu, qiymətləndirilməsi, satışı (təhvil verilməsi) və məhv edilməsinin təşkili" barədə  12 aprel 2000-ci il tarixli  28 saylı Əmrinə əsasən  müsadirə olunan mallar barədə müavafiq qərarlar verilir.

Yuxarıda qeyd olunan qaydalara əsasən müsadirə edilən mallar dövlət mülkiyyətinə keçirilir və bundan Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən qəbul edilir.
Dövlət mülkiyyətinə keçirilmiş mallar açıq gömrük hərraclarında satılır.

Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi isə Nazirlər Kabinetinin "Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları" ilə tənzimlənir.

Onu da bildirək ki, Dövlət Gömrük Komitəsinin rəsmi veb-saytında müsadirə olunan və hərraca çıxarılan məhsulların adı (markası) və qiyməti barədə məlumatlar yerləşdirilir.
Tez xarab olan və yararsız məhsullar isə müvafiq Akt tərtib olunaraq məhv edilir.

DİGƏR XƏBƏRLƏR

Top