Azərbaycan bu ölkəyə 160 mln. dollarlıq xam neft ixrac edib


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Ukraynaya 159,99 mln. ABŞ dolları dəyərində xam neft ixrac edib.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, bu, Ukraynanın bu ilin 6 ayı ərzində idxal etdiyi neftin 96,83%-nə bərabərdir.

Bu ilin ilk yarım ilində Ukrayna ümumilikdə neft idxalını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 23,2% və ya 96,8 min ton azaldaraq 319,698 min tona çatdırıb. Məbləğ nisbətində Ukraynanın idxal etdiyi neftin dəyəri 165,2 mln. dolları təşkil edib ki, bu da 2018-ci ilin ilk yarım ili ilə müqayisədə 27,3% azdır.

Bu dövr ərzində Ukrayna Qazaxıstandan 2,596 mın. dollar (1,57%), Latviyadan 2,321 mln. dollar (1,4%), digər ölkələrdən isə 0,327 mln. dollar (0,2%) məbləğində neft idxal edib.

Ukraynanın əsas neft idxalçısı “Ukrtatnafta” şirkəti olub ki, onun da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqaviləsi mövcuddur.

Qeyd edək ki, 2018-ci il ərzində Ukrayna ümumilikdə dəyəri 431,7 mln. dollar təşkil edən 766,8 min ton həcmində neft idxal edib.

DİGƏR XƏBƏRLƏR

Top