İsrailin baş naziri Benyamin Netanyahu İranı "F-35" qırıcıları ilə hədələyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir ölkənin cənubundakı orduya məxsus hava limanında "F-35" qırıcı təyyarəsinin qarşısında dayanaraq İranı hədələyib: "İran son vaxtlar İsraili yox etməklə hədələyir. Lakin onlar unutmamalıdırlar ki, İsrailin bazasındakı "F-35" qırıcıları İran və Suriya da daxil olmaqla şərqdə hər ölkəyə uça bilər".
Rəsmi Tehranı tez-tez nüvə silahı istehsal etməyə cəhd göstərməkdə təqsirləndirən Netanyahu, İsrailin buna heç vaxt icazə verməyəcəyini də hər fürsətdə vurğulayır.
Qeyd edək ki, İran parlamentinin Milli Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin rəhbəri Möcab Zonnur ABŞ-ın bu ölkəyə hücum edəcəyi təqdirdə İsrailə qarşı hərbi əməliyyatların başlanacağına söz verib.
Zonnur bildirib ki, Birləşmiş Ştatlar İrana hücum etsə, İsrail 30 dəqiqə tab gətirə bilməyəcək.