Yaşılla mavinin qovuşduğu yerdə...


Burada günəş dənizdən yuyunub çıxır. Bəlkə buna görə daha parlaq və təmiz görünür. Qara dənizlə Giresun şəhəri qucaqlaşan sevgililər kimidi. Zəngin tarixi olan Giresun qədim İpək yolunun üstündə qərar tutub. Günəş batanda şəhər mahir rəssamın fırçası ilə çəkilmiş tabloya bənzəyir. Qədim qaladan qızılı şəfəqlərin aydınlatdığı Giresuna baxdıqca doymaq olmur.
Dənizlə yamyaşıl dağları kəmər kimi bir-birinə bağlayan və sahil boyu min kilometrlərlə uzanan rahat avtomobil yolu şəhərin ətəyindən keçib Orduya, Samsuna, paytaxt Ankaraya, şəhərlər sultanı, sultanlar şəhəri İstanbula doğru gedir. Şəhərin arxitekturası müxtəlif əsrlərin yaddaşı kimidir. Lakin gözəlliyi ilə seçilən camelər türk memarlığının incəliklərini özündə yaşadır və baxanları heyran edir. Havası urək rahatlayan, gözəlliyi göz qamaşdıran şəhərin ən uca zirvəsi Giresun qalasıdır. Əlavə edək ki, neçə-neçə döyüşlərlə bağlı türklərin qəhrəmanlığını yaddaşında yaşadan belə qalalar Qara dəniz sahillərində çoxdur. Giresun qalasından baxandan sahilləri üfüqdə qara xətt kimi birləşən Qara dənizin böyüklüyü adamı heyrətə gətirir. Şəhər dağlara doğru qalxdıqca sanki yaşıllıqlar qoynunda əriyir. Təkəmseyrək müasir uca binalar elə bil meşənin qoynundan üzü aşağı boylanır. Bir-biri ilə ətək tutan dağların arası ilə arabir duman sürünüb gedir. 
Burada çox şey dünəni xatırladır. Giresunun emblemində altı element var: dağ, dəniz, qala, gilas, fındıq və balıq. Dünyanın dörd bir yanına fındıq yüklü gəmilər buradan yola çıxır. Çünki dünyada fındıq istehsalının 73 faizini verən Türkiyənin əsas fındıqçılıq mərkəzi Giresundur. Bu torpaqda gilas da çox yetişdiyindən Giresun öz adını yabanı gilas sortu olan "kiraz" sözündən alıb. Türklər deyirlər ki, gilas bütün dünyaya buradan yayılıb. 
Giresun torpağında çoxsaylı bulaqlar həyat nəğməsi oxuyur, sular şəlalələr kimi axıb dənizə qovuşur. Dərələr boyunca millənən buz kimi dumduru çayların üstindəki qədim körpülər sanki bu yurdun dünənini sabaha bağlamaq üçün möhkəm dayanıblar. Sərin yaylaqlar isə insana dərdini unutduracaq qədər gözəl, gəzməli, görməlidi. Giresun dağlarının ən uca nöqtəsi Abdal Musa zirvəsi olub, 3.331 metr təşkil edir. Özəlliyi və gözəlliyi ilə dünyada məşhur olan Quşköy də Giresun torpağında yerləşir. Bu kəndin insanları, belə demək olarsa, quşlar kimi azad yaşayır, quş dilində danışırlar. Maraqlıdır ki, insanlar burada evləri uzaq olduğundan arzu və istəklərini, qəttəzə xəbərləri bir-birlərinə telefonla deyil, fit çalmaqla çatdırırlar... Təbii gözəlliklərinə və müasir nümunəvi istirahət məkanlarına görə Giresun hazırda Türkiyənin əsas turizm məkanları sırasındadır. 
Məlumat üçün deyək ki, Giresunu şərqdə Trabzon və Gümüsxanə, çənubi-şərqdə Ərzincan, şimal və şimali-qərbdə Sivas, qərbdə Ordu elləri, şimalda isə Qaradəniz əhatə edir. Ərazisi 6.934 kvadratmetrdir və Türkiyə torpağının 0.89 faizini təşkil edir. Giresun çox uzaq məmləkət deyil. Qara dəniz sahillərinin ölçüyəgəlməz gözəlliklərini görmək, qumlu sahillərdə və sərin meşəliklərdə "oxay" deyib bu dünyanın ağrı-acılarını unutmaq istəyirsinizsə, imkan olan kimi, avtobusla səyahətə və dincəlməyə Giresuna yollanın. ( Bu, deyəsən, lap reklam oldu. )

O səhər hər kvadratmetrə 80 litr yağış düşmüşdü

Şəhər alatoranda güclü yaz yağışı ilə yuyunmuş, dağların sinəsindən axıb gələn sel suları Giresunun küçələrində gölməçələr yaratmış, binaların birinci mərtəbələrinə dolmuş, nəqliyyatın hərəkətini, demək olar ki, iflic etmişdi. Sübh tezdən mərkəzi meydana yığılan taksilər su üzərində sanki qayıq kimi görünürdülər. Dükan və kafe sahibləri qəfil düşən leysanın doğurduğu fəsadlarla mübarizə aparırdılar. Amma küçələrin çoxu üzü yoxuşa olduğundan o yerlər elə bil əllə yuyulmuşdu. Səhəri gün "Giresun elləri" qəzetininin yazdığına görə, bir neçə saat ərzində bu bölgənin hər kvadratmetrinə 80 litr yağış düşmüşdü. 
Günəş doğan kimi hər yan par-par parıldayırdı. Otelin pəncərəsindən ilk dəfə gördüyüm yaşılla mavinin qovuşduğu Giresun şəhərini maraqla seyr edirdim. Yaxınlıqdakı meydanda böyük Atatürk yenə bir əlini uzaqlara uzadaraq sanki xalqı düşmənə qarşı mübarizəyə səsləyirdi. Ondan bir qədər aralı Türkiyəni qələbələrdən qələbələrə aparan, şəhidləri qanı ilə yuyulan uca Türk bayrağı dalğalanırdı. Yadıma Türkiyəni öz vətəni bilib, onun azadlığı uğrunda mübarizə aparan, türk əsgərinin şücaətinə şərqilər yazan Əhməd Cavadın 1914-cü ilin dekabrında qələmə aldığı məşhur "Çırpınırdı Qara dəniz" şeiri düşdü:

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
“Ah!…” deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına...

..Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun Turan bütün ellər!
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!

Yata bilmədiyim gecələrdə...

Yuxusuzluq sindromu ilə yaşamaq insanı bezdirir, bəzən, hətta, dəlilik həddinə çatdırır... Ha çalışırsan ki, hamı kimi yatıb rahatlanasan, amma yuxulaya bilmirsən. Fikri-fikrə calayırsan, öz-özünlə dünən olanı, sabahkı gözləntilərini də çək-çevir edirsən, nəyin düz, nəyin əyri olduğunu yəqin etməyə çalışırsan. Dəqiqələr dönüb saat olur. Durub saata baxırsan, görürsən ki, gecə yarı olub, ancaq bir çimir eləyə bilməmisən. Qaranlıqda pəncərənin qarşısında oturub könülsüz-könülsüz vaxtsız banlayan ları xoruzların kal səsinə qulaq asırsan. İşə bax, ha, şəhərdə də xoruz saxlayanlar varmış... Deyirsən, onda keçim mətbəxə, bir xoruzquyruğu çay... (Xoruzun quyruğu məgər qırmızı olur? Pipiyi qırmızı olur. Bəs niyə xoruzquyruğu deyirlər? ) Əşşi, gecənin bu vaxtında nə xoruzbazzıxdı, yıxıl yat, daa! Yenə girirsən yatağa. Gah sol tərəfin üstünə çevrilirsən, gah da sağ tərəfin, ancaq zəhirmar yuxu qaçaq düşür sənnən... Hardasa bir körpə ağlayır... Yaxın küçələrin birindən bir yük maşını ötüb keçir... 
Ağrılı günlərim idi. Ağsuda, Vəzirxan qardaşımın evində qalırdım. Gündüzlər həyətdə ağacları suvarır, təmizlik işləri görür, sonra da tək-tənha oturub bundan sonra necə yaşaya biləcəyimi fikirləşirdim. Qardaşım başqa rayonda işləsə də mənə görə tez-tez gəlirdi. Olub-keçənlər mənə yuxu kimi gəlirdi. Amma gecələr yata bilmirim. Yata bilmədiyim belə gecələrdə dostlarımdan bir neçəsi ilə telefonla söhbətləşirdim. Onlardan biri həmyerlim şair Sabir Sarvan idi. Onunla tanışlığımızın tarixi orta məktəb illərinə təsadüf eləyir. Sabir kinoaktyorlüğu bitirmişdi. Amma şairliyi aktyorluğu kölgədə qoymuşdu. Az yazırdı, amma əzbərlənəcək şeirlər yazırdı. Ona da taleyin vaxtsız zərbəsi dəymişdi... Yatmadığımız gecələrin birində Sabir mənə zəng elədi. Dedi ki, gəl sənə bir şeir oxuyum. Oxudu da:

Vaxtında ölmədim, indi də gecdi,
Hər nəsə bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki, sinəmdə soyuyub ürək.

Qarışıb rəngləri, dünyanı daha,
Təkcə ağ-qaraya bölmək çətindi.
Ömrüm uzun çəkdi, düşmən qazandım,
Düşmən qazandınsa, ölmək çətindi.

Qoymaz gecələri çimir etməyə,
Bəlkə də o mənnən sayıqdır ancaq.
Bir gözüm yuxuya getsə də mənim,
Bir gözüm həmişə oyaq qalacaq...

Sabir şeirlərindəki kimi yaşayıb vaxtsız, yuxuya həsrətlilər kimi köçdü bu dünyadan. Ürəyimdə kövrək səsi, iki şeir kitabı qaldı məndə. Özünün yazdığı kimi, O, özünü və sözünü şeirə köçürüb getdi... Nədənsə daha çox yatmadığım gecələrdə arabir Sabir düşür yadıma. Giresunda olduğum ilk gecədə də yenə Sabiri xatırladım... Səhəri diri gözlü açdım.

İki "balıqçı"nın söhbəti

Mayaka gedən yol otelin yaxınlığından keçirdi... Arabir dayanıb geriyə- yenicə yuxudan oyanan şəhərə, sahil boyu ləpədöyənə atılmış iri qaya parçalarına, beton kubiklərə baxırdım. Yolun kənarında göhnə bir balıqçı gəmisi lövbər salmışdı. Mayak tərəfdən oğlanla qız bərkdən danışa-danışa şəhərə tərəf gəlirdilər. Mənə elə gəldi ki, onlar gecəni buralarda keçirmişdilər. Mayaka yaxın bir yaşlı kişi qarmağı suya sallayıb oturmuşdu. Yaxınlaşıb salam verdim. O, salamımı alıb ayağa qalxdı. Soruşdum ki, balıq var? -Yağmurlu günlərdə balıq az olur,- dedi. Sonra yanaşı oturub gözlədik... Arada dedi ki, buralarda eşqaya (?) adlı balıq var, ancaq axşamlar gəzişir, gündüzlər yatır. Həmin balığın beynində daş olur. Əti böyrəyə, qaraciyərə dərmandı. Ümumiyyətlə, hər balığın öz tutulma saatları var...
Qarmaqlardan birinə bir hamsi düşdü. Nihad bəy balığı yarıya qədər su olan qaba atanda gördüm ki, orada yeddi-səkkiz balıq var. Onunla yaşıd olardıq. Bakıdan gəldiyimi biləndə dedi ki, yəqin burada uşağınız oxuyur. Sonra da əlavə etdi ki, azərilər Giresuna daha çox universitetdə oxuyan övladlarına görə gəlirlər.
Nihad bəy əslən giresunludu. Bu şəhərdə evi də var. Ancaq neçə illərdi ki, İstanbulda yaşayır. Deyir ki, cavanlığımda bir neçə il balıqçılıqla məşğul oldum. Bir şey artıra bilmədim. Getdim İstanbula. Avtomobil zavodunda işə düzəldim... Təqaüd yaşına çatanda xanımım dünyasını dəyişdi. İndi tək qalmışam. Günümü müxtəlif şəhərlərə səyahətlə, balıq ovu ilə və sairlə keçirirəm. Övladımız olmadığı üçün arabir oyuncaq və başqa hədiyyələr alıb uşaq evinə gedirəm... 
Xudahafizləşəndə Nihad bəy məni evinə dəvət elədi. Ancaq o gün Giresun Universitetində qardaşım oğlu Muradın buraxılış tədbiri olacağı üçün Nihad bəyə təşəkkür edib, oradan ayrıldım.
Otelə qayıdanda Muradla tələbə yoldaşı Bəxtiyar birinci mərtəbədə məni gözləyirdilər. Qəhvəaltı zamanı zarafatla dedilər ki, əmi, kirayə qaldığımız evdən qayıqla çıxmışıq. Sən demə, dünən səhər düşən leysanın seli onların kirayə qaldıqları mənzilə dolub. Yuxulu olduqlarından otaqdan güclə çıxıblar və hər şey su altında qalıb. Amma məni qarşılamağa gələndə bu barədə heç nə deməmişdilər...

Stadionda iynə atsaydın yerə düşməzdi...

Hər yan rəngbərəng plakatlarla, Giresun Universitetinin emblemi, görkəmli şəxsiyyətlərin elm və təhsil haqqında deyimləri ilə bəzədilmişdi. Buraya yeddidən yetmişyeddiyədək hər cür insan toplaşmışdı. Hamını bir istəyin doğurduğu sevinc birləşdirirdi. Biri övladının, digəri nəvəsinin, bir başqası qardaşının sevincinə ortaq olmaq üçün buraya gəlmişdi. Oturacaqlarda əyləşənlərin çoxu bir-birini tanımasa da qısa müddətdə isnişmişdilər və hamısı günün qəhrəmanlarından danışırdılar. 
Çox əlamətdar gün idi. 2006-ci ildə Türkiyənin ali təhsil sisteminə qoşulmuş və hazırda16 ölkədən 31 min tələbənin təhsil aldığı Giresun Univərsiteti 13-cü məzunlarını yola salmağa hazırlaşırdı. Mantiya geyinmiş bu oğlan və qızlar ali təhsilli mütəxəssis kimi həyata vəsiqə alırdı. Bu törən həm də Giresun şəhərinin həyatında mühüm hadisə sayıla bilərdi. Çünki bu məzunlar, müəyyən mənada, Giresunun vətəndaşları idilər və bundan sonra istər Türkiyədə, istərsə də yaxın-uzaq ölkələrdə çalışsalar da ürəklərində Giresun adını yaşadacaq, bu gün içəcəkləri anda sadiq olduqlarını nümayiş etdirməyə çalışacaqdılar...
Buraxılış gecəsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, təhsil naziri Ziya Selçuk, Giresundan seçilmiş millət vəkili və başqaları bayram tədbirinə təbrik teleqramları göndərmişdilər. Bundan əlavə, universitetin ilk məzunları olub, bu gün ölkədə yaxşı tanınan şəxslərdən bir neçəsi məzunları təbrikə gəlmişdilər. Universitetin yeni rektoru Yılmaz Can, ( universitetin əvvəlki rektorlarından biri azərbaycanlı Aygün xanım Əttar olub), şəhərin bələdiyyə başqanı Aytəkin Şənlikoğlu və başqaları çıxış etdilər. Rektor məzunlara müraciətlə dedi ki, Siz hara getsəniz və harada çalışsanız da Giresunun bir parçasısınız, Giresunun sabahısınız. Sonra əlavə etdi böyük dövlətlər güclü, məşhur universitetlərə sahibdirlər. Biz də çalışacağıq ki, Giresunun yeganə ali təhsil ocağı ilbəil genişlənsin, inkişaf etsin.
Sonra başa çatmaqda olan tədris ilində elm-təhsil və idman sahəsində ilk üç yeri tutan gəncərin adları açıqlandı və onlara müxtəlif mükafatlar verildi. Ölkə idmanında qazandıqları medallara görə bir neçə məzun da mükafatlandırıldı. (Məlumata görə, ötən il universitet birincisi və tibb fakültəsi üzrə birinci azərbaycanlı gənclər olublar.) Bir-birinin ardınca marşlar çalınır, şərqilər oxunurdu. "Çırpınırdı Qara dəniz" mahnısını stadionda hamı bir ağızdan oxuyurdu...
Məzunlar dəstə-dəstə stadionu dolanır, buraya toplaşan doğmalarını əllərində tutduqları papaqla salamlayırdılar. Onların arasında Azərbaycandan olan xeyli gənc, o cümlədən bizim Murad Məlikzadə və onun qrup yoldaşı Bəxtiyar Rüstəmov da vardı. Murad, belə demək olarsa, dünənədək mənim üçün uşaq kimi idi. Amma indi, maşallah, xeyli boy atıb, dəyişib.
Andiçmə mərasimindən sonra məzunlar eyni anda papaqlarını göyə atdılar və sonra stadionu dövrə vurdular. Bir-birindən yaraşıqlı oğlan və qızlara baxdıqca Azərbaycan Dövlət Universitetinə əlvida söylədiyimiz günlər yadıma düşdü. Əlimizə təyinat əvəzinə bir məktub verib lazım olan yerlərə yola saldılar. Onda belə təntənə-zad yox idi... Həyat belədi- biri keçmişinə baxır, biri gələcəyinə. Türk şairi Nəcib Fazil isə belə deyib: "Ömrün ilk yarısı ikinci yarısını gözləməklə, ikinci yarısı da ilk yarısının həsrətilə keçir".
Axırda məzunlar öz valideynlərinə və ya onları əvəz edən doğmaları ilə görüşdülər. Çox həyəcanlı anlar yaşanırdı. Bir nənə nəvəsinin mantiyasını öpürdü. Bir ana oğlunu qucaqlayıb deyirdi:" ... rəhmətlik atana verdiyim sözü tutdum, axır ki, sən universiteti bitirdin". Bu arada Muradla dedi ki, əmi, sən də bizim mantiyanı geyin, axı o vaxt geyinməmisən. Uşaqlar mantiyanı mənə geyindirib şəklimi də çəkdilər. Qismətə bax ha, harada oxuyasan, haranın mantiyasını geyinəsən...Yanımızdan keçənlər mənə təəccüblə baxırdılar. Mən isə özümü o yerə qoymurdum. 
Elə bil yağış tədbirin başa çatmasını gözləyirmiş... Amma biz Giresun qalasından enəndə yenə Günəş gülümsəyirdi.

Bu cızma-qara mənim Giresun gündəliyimin bir hissəsidi. O üç günü yəqin ki, digər universitet məzunları kimi Murad və Bəxtiyar heç vaxt unutmayacaqlar. Elə mən də unutmayacağam. Çünki o günlər məni bir daha gəncliyimə qaytardı və həmin günlərdə sanki xoşbəxt günlərimdən qalan bir parça ömrümü yaşadım. O günlərdə dünyanın işığı elə bil artmışdı. Yaşılla mavinin qovuşduğu Giresuna ayna tutan Qara dəniz də çırpınmır, rahat-rahat qırçın ləpələri ilə sahili yalayırdı.
Səməd Məlikzadə





DİGƏR XƏBƏRLƏR

Top