Azərbaycanda gənc şairin 10 şeirinə 21 manat qonorar yazılıb - “Bu, tulapayıdır”


Gənc şair Ruzbeh Məmməd “Azərbaycan” jurnalında dərc olunan şeirlərinə görə 21 manat 50 qəpik qonorar alıb.

Şair bu məbləğdən narazı qalıb və öz etirazını ifadə edən fikirləri yazılı şəkildə Musavat.com-a göndərib.


Yeniavaz.com Musavat.com-a istinadən şairin qeydlərini dərc edir:

“Çoxumuz tulapayı anlayışını eşitmişik. Eşitmək bir ayrı, görmək bir ayrı... Bu söz konkret milli mənşəli olduğu üçün geniş izah vermədən sözümün canına keçmək istəyirəm: İki gün öncə “Trend” informasiya agentliyinin xəbərlər bülletenində "Azərbaycan" jurnalının sonuncu sayının çıxması xəbərini oxudum. Və gördüm ki, bəndənizin də adı keçib. Yəni, şeirlərim çap olunub. Götürüb, jurnalın baş redaktoru İntiqam Qasımzadəyə zəng vurub təşəkkür etdim. Ki, cənab əziyyət çəkib şeirlərimi çap edib. Sonra isə qonorar barədə soruşdum. Baş redaktor dedi ki, yazmışıq, get AYB-dən götür. Günün ikinci yarısı redaksiyadan çıxıb AYB-yə getdim və qonorarla bağlı müraciət etdim. Baş mühasib adımı tapıb göstərdi. Baxdım ki, 21.50 qəpik pul yazılıb. Baş mühasib mənə 21,50 qəpik pul verib, gözümün içinə yazıq-yazıq baxdı.

Bildiyim qədəri ilə jurnal müəllifdən 10 şeir çap edir hər sayında. Hesabladım ki, hər şeirə 2 manat və 5-10 qəpik pul düşür. Bu, bilirsiniz, nə deməkdi? İnsanın duyğularına təcavüz etməkdir. Nə deyirsiniz, deyin, ancaq son dərəcə amansız hissdir. Əgər bir şairin 10 şeirinə 20 manat pul ayrılırsa, ona el arasında “tula payı” deyirlər.

Hörmətli, İntiqam müəllim, siz heç düşündünüz ki, bir şairə 20 manat yazmaq tərs şapalaqdır? AYB-yə kifayət qədər pul da ayrılır. Ayrılan pul da bir yana. Bəs bir şair bircəcik şeiri yazanda hansı hisslər keçirir, bəs onun aqibəti necə olsun? O da cəhənnəm, adam 20 manatı alıb birliyin üçüncü mərtəbəsindən düşəndə necə utanır, xəcalət çəkir. Qorxur ki, qəfil birliyin qabağında bir dost-tanış çıxa qarşısına, deyə, şair, burada nə gəzirsən? Sən də qayıdıb deyəsən ki, şeirlərimə qonorar yazıb cənab İntiqam Qasımzadə, onu almağa gəlmişəm. İllah da o da Allahından qorxmaya, qayıda deyə, nə qədər? Yazdığın məbləği göstərəsən. Yenə o tanış qayıda ki, o şeirləri Allah öldürsün.

Xahiş edirəm bir sualıma cavab verəsiniz: Heç o məbləğ yazılanda şeirləri oxumuşduz?

Sayqılar, cavabı gözləyəcəm cənab baş redaktor!

Ruzbeh Məmməd, şair, Prezident mükafatçısı".

Qarşı tərəf ünvanına səslənən iradlara dair fikir bildirmək istəsə, onu da dərc etməyə hazırıq.

DİGƏR XƏBƏRLƏR

Top