Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssisləri Azərbaycan pomidoru və gilası ilə dolu yük maşınlarını geri qaytarıb.
Yeniavaz.com xəbər verir ki, "Rosselxoznadzor"un Dağıstan Respublikasındakı Xidmətinin məlumatına görə, 16-23 iyun 2019-cu iyun tarixlərində Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsində Azərbaycandan aparılan 119,095 ton pomidorun və 108,146 ton təzə gilasın idxalı qadağan edilib.
Meyvə-tərəvəzdən götürülmüş nümunələr "Rosselxoznadzor"un Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialına verilib. İdarədən verilən məlumata görə, laboratiya bu ərzaq məhsullarının tərkibində zərərli maddələr - pomidor güvəsi, şərq güvəsi və Qərbi Kaliforniya çiçək tripsi aşkarlayıb.
Fitosanitar riskin böyük olduğunu nəzərə alınaraq, bu yüklərin Rusiya Federasiyası ərazisinə idxalı qadağan edilib. Meyvə-tərəvəz ixracatçı ölkəyə geri qaytarılıb və günahkarlar inzibati məsuliyyətə cəlb edilib.
Bu, Azərbaycandan gətirilən kənd təsərrüfatı məhsullarının karantin obyektlərinə görə Rusiya ərazisinə gətirilməsinin qadağan edilməsi ilə bağlı ilk hadisə deyil. Dağıstan Respublikası Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəhbərinin Qurban Ramazanovun "Sputnik-Azərbaycana" verdiyi məlumat da bunu təsdiqləyir. Onun məlumatına görə, 2019-cu ilin əvvəlindən etibarən Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Azərbaycana qaytarılması ilə bağlı 66 hadisə qeydə alınıb. Ümumilikdə respublikaya 1,320 min ton yük qaytarılıb.
"Bizdə sənədlərin tam paketi var. Hər bir hal əsaslandırılıb. Əlbəttə ki, onlar bu barədə heç nə yazmırlar (müşayiət sənədlərində - red.). Onlar yazırlar ki, hər şey yaxşıdır. Əgər onlar yazsalar ki, karantin obyektləri var, biz buna görə məhsulları Rusiya Federasiyası ərazisinə buraxmarıq. Bu təcrübə bütün dünyada müşahidə edilir," - deyə dağıstanlı məmur bildirib.
Yeniavaz.com müvafiq strukturların baş verənlərə reaksiyasını öyrənmək üçün əvvəlcə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirdi ki, kənd təsərrüfatı məhsullarına sertifikatı Qida Təhlükəsizliyi Agentliyi təqdim edir. Fitosanitar Xidməti Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə daxil olsa da, fitosanitar nəzarət Qida Təhlükəsizliyi Agentliyinin vəzifəsidir. O həmçinin ölkəyə qaytarılan məhsulların aqibətinin də Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə daxil olduğunu qeyd etdi.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirildi ki, sözügedən məsələ ilə bağlı agentliyə məlumat daxil olmayıb: "Beynəlxalq Standartın tələbinə əsasən bu cür məsələlərlə bağlı uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verir. Sözügedən məsələ ilə bağlı heç bir rəsmi məlumat Agentliyə daxil olmamayıb. Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər".
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Nazim Bəydəmirli Yeniavaz.com-a bildirdi ki, belə mövzularda qurumlar adətən bir birinə "top ötürməklə" məşğul olurlar: "Kənd Təsərrüfatı Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq hər bir istehsalçıya sağlam məhsul yetişdirmək üçün dəstək verməlidir. Nazirliyin həyata keçirdiyi müxtəlif xidmətlər sonradan struktur dəyişikliyinə uğradı. Kimin-kimə tabe olduğu bəlli deyil və bu qurumlar bir-birinə "top ötürməklə" məşğuldurlar. Bu da əsalində məsuliyyəti öz boynundan atmaq məsuliyyəti daşıyır. Bu mənada mən Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasını doğru saymıram".
Ekspert, sözügedən qurumların bu kimi məsələləri aradan qaldırmaq üçün laboratoriyalarla da təmin olunduğunu dedi: "Qida təhlükəsizliyi haqqında dövlət proqramı keçirilən zaman kənd təsərrüfatı naziri, AQTA-nin rəhbərliyi, gömrük komitəsinin rəhbərliyi və digərləri çıxış edərək bildirdilər ki, qurumlar arasında əlaqələndirmə çox yüksək səviyyədədir. Həmçinin ölkə daxilində vətəndaşların qida təhlükəsizliyi təmin edilməsi, vaxtında profilaktiki tədbirlərin görülməsi və ölkənin ixrac potensialını artırmaq məqsədilə idxal-ixrac əməliyyatlarında istifadə olunması üçün həmin qurumların müxtəlif laboratoriyalarla təmin olunması dəfələrlə cəmiyyətə açıqlanıb. Mən hesab edirəm ki, burada ən təqsirli qurum Dövlət Gömrük Komitəsidir. Azərbaycan sərhəddindən ixrac xarakterli belə məhsul çıxırsa deməli bu gömrük orqanlarının səhvidir və bu ölkəmizin imicinə də mənfi təsir göstərir. Çünki bu KİV-də də yayılır ki, bu da müxtəlif şirkətlərin Azərbaycanla bu sahədə əməkdaşlığına son qoymasına gətirib çıxaracaq. Təbii ki, bu mövzuda həm Qida Təhlükəsizliyi Agentliyinin, həm də Kənd Təsərrüfatı Nazirliyinin günahı var. Ancaq ən böyük günah belə malların ölkədən xaric olunmasına görə gömrük komitəsinindir".
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov isə məsələ ilə bağlı Yeniavaz.com-a bildirdi ki, ixrac olunan mallar üçün DGK tərəfindən keyfiyyət sertifikatı tələb olunmur: "Mövcud qanunvericilikdə mövcud olan 263 saylı qərara uyğun olaraq gömrükdən ixrac olunan məhsulların keyfiyyət göstəricilərini müəyyən edən sertifikatın vacibliyi yoxdur. Qida Təhlükəsizliyi Agentliyinin verdiyi sertifikat qarşı tərəf üçündür".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Yeniavaz.com-a məsələ ilə bağlı münasibət bildirərkən Qida Təhlükəsizliyi Agentliyini ictimai təşkilatlarla əməkdaşlıq etməməkdə günahlandırıb: "İllər boyu Azərbaycanda müxtəlif beynəlxalq təşkilatlar Azərbaycan mallarının xarici bazara çıxarılması üçün layihələr həyata keçiriblər. Azad İstehlakçılar Birliyi də bu layihələrin iştirakçısı olub. O cümlədən AİB qidanın təhlükəsizliyinin təmin olunmasına dair 3 dildə "Regional strategiya" adlı sənəd hazırlayıb və dövlət orqanlarına təqdim edilib.Təəssüflər olsun ki, dövlət orqanları Azərbaycanda keçirilən bu beynəlxalq layihələri akkumliyasiya edib bir yerə toplaya bilmir, xüsusən də Qida Təhlükəsizliyi Agentliyi. Məsələn, agentlik bizim ofislə əməkdaşlıq etmir ki, biz fikirlərimizi onlarla bölüşək. Ümumiyyətlə ictimai təşkilatlarla heç bir əməkdaşlıq etmirlər. Ölkə prezidenti tərəfindən təsdiq olunan Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsi Azərbaycanın kənt təsərrüfatı məhsullarının xarici bazara çıxarılması üçün stimul yaradan əhəmiyyətli hüquqi sənəddir. Lakin bu sənəd vasitəsilə qarşıya qoyulan hədəflərə QTA çata bilmir. Bu cür mallar geri qaytarılan zaman məhv edilir ki, bu da son nəticədə istehlakçılarımızın boğazına tıxanır".
Eyyub Hüseynov malların geri qaytarılmasını anormal hal adlandırıb: "Düşünürəm ki, bütün ictimaiyyət Qida Təhlükəsizliyi Agentliyi ilə sıx işləməlidir, həmçinin də agentliyin özü. Onların əsasnaməsində də göstərildiyi kimi tarladan istehlakçının masasına qədər izləmə sistemini həyata keçirməlidirlər ki, xarici bazardan, o cümlədən Rusiya bazarından mallar geri qaytarılmasın. Bu anormaldır və Azərbaycan üçün böyük zərbədir".
Şahmərdan Əhmədli