Özünü yandıran qazi ilə bağlı xəstəxanadan AÇIQLAMA: "Bizdə kadrlar var prokurorluğa təqdim etmişik"


"Mərhumun özü Elxan həkimə xətər yetirib".
Bu sözlər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Yeniavaz.com-a səhiyyə ocağının qarşısında özünü yandıraraq dünyasını dəyişən İmamverdi İsmayılovun bacısının Yeniavaz.com-a açıqlamasında xəstəxana haqqındakı ittihamlarına cavab olaraq deyilib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirdilər ki, mərhumun bacısının dediyi "limit" məsələsi isə əsassızdır: "Təcili tibbi yardım maşını çağırılan zaman limit söhbəti ola bilməz".
Xəstəxanadan bildirdilər ki, mərhumun bacısının dediklərinin əksinə, mərhumun özü Elxan həkimə xətər yetirib: "Həkimi itələyib, təpik vurub, o da xəstə uşağın üzərinə düşüb. Həmin kadrlar bizdə var və biz onu prokurorluq orqanlarına təqdim etmişik".

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev isə məsələ ilə bağlı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, səbəbsiz yerə normal bir insanın özünə qəsd etməsi mümkün deyil:
"Mingəçevir xəstəxanası icbari-tibbi sığortanın pilot layihəsinin tətbiq olunduğu xəstəxanadır.  Pilot layihə burada çox uğurla həyata keçirilir. Allah özünü yandıran şəxsə rəhmət eləsin. Ola bilsin ki, o insanın psixoloji problemləri olub. Ola bilməz ki, səbəbsiz yerə normal bir insan özünə qəsd eləsin. Uşağına yardım göstərilməsi məsələsinə gəldikdə isə, ola bilməz ki, uşaqda qıcolma tutmaları olsun və ona klinika yardım göstərməsin. Mən buna inanmıram və bu mümkün olası hal deyil. Amma istənilən halda istintaq getməlidir, hüquq-mühafizə orqanları öz münasibətlərini bildirməlidirlər. Yaxşı olardı ki, həm xəstəxana rəhbərliyi, həm Səhiyyə Nazirliyi, həm də İcbari Tibbi Sığorta Agentliyi bu məsələni nəzarətə götürsünlər".

O həmçinin məsələdən xəbərsiz bir şəkildə tibb işçilərini günahlandırmağın nələrə yol aça bilcəyini də qeyd edib:
"Hər bir hadisə üçün, bütövlükdə araşdırmadan xəstəxananı, həkimi, tibb işçisini və səhiyyə xitmətini təqsirləndirmək doğru deyil. Bu əhalinin səhiyyə xidmətinə, səhiyyə sisteminə və icbari-tibbi sığorta sisteminə inamını azalda bilər".
M. Quliyev məsələ ilə bağlı jurnalistlərə də müraciət etdi: "Ona görə də mən jurnalistləri, mətbuat orqanlarını ehtiyatlı olmağa çağırıram və sensasiya dalınca qaçmağı da məsləhət görmürəm. Kimsə kiminsə ağzında nəsə bir söz eşidib onu da mətbuata qıcıqlandırıcı başlıqlarla çıxarırsa, bu bizim nə vətəndaşlarımıza, nə də səhiyyə sistemimizə uğur gətirməz".

Xatırladaq ki, ötən ayın 27-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının qarşısında özünü yandıran keçmiş hərbiçi, Lələtəpə döyüşlərinin iştirakçısı, idmançı, 29 yaşlı İmamverdi İsmayılov dünyasını dəyişib.

Mərhumun bacısı Lamiyə İsmayılova isə redaksiyamıza verdiyi açıqlamada təcili tibbi yardım briqdasının qardaşı oğlunu xəstəxanaya aparmaq istəmədiklərini deyib:
“Qardaşım Aprel döyüşlərində 2016-cı ildə kəşfiyyatda manqa komandiri olub. Dinli-imanlı oğlan idi. Anam da onun o ağır döyüşlərdə iştirakı zamanı dözə bilməyib həyatdan köçdü. Biz ümidimizi qardaşımıza bağlamışdıq. Qardaşımın 4 yaşlı balasının sudurğası var, bu hadisədən bir neçə gün öncə xəstəxanaya aparılmışdı. Yenə də uşağa lazımı diqqət göstərilməmişdi və biz onu evə gətirmişdik. Bir neçə gün öncə yenə uşağın qızdırması qalxdı və gecə saat 12 radələrində evə təcili yardım çağırdıq. Təcili yardım briqadası dedi ki, biz uşağı xəstəxanaya apara bilmərik, limitimiz dolub. Uşaq da qızdırmadan sudurğa keçirir. Uşağı dava-dalaş xəstəxananın acil şöbəsinə yerləşdirə bildik".

O həmçinin uşağı xəstəxana yerləşdirdikdən sonra da heç kimin onlara kömək etmədiyini, hətta həkim və tibb bacılarının onları təhqir etdiyini bildirib:
"Qızdırma içərisində yanan uşağa yardım edən olmadı. Qardaşım Elxan adlı həkimlə dalaşdı. Həkim, tibb bacıları bizi ağır söyüşlərlə təhqir etdilər. Bu təhqiri qardaşım götürmədi. O, bunu özünə sığışdıra bilmədi. Atam da orda idi. Hamımız uşağın dərdinə yanırdıq. Uşaq əldən gedirdi. Qardaşım elə bildi ki,uşaq keçinib. Özünü atdı çölə, gedib bir butulka benzin alıb başından tökdü. Biz elə bildik ki,əlindəki içmək üçün sudur. Özünü yandırdı. Qışqırdıq ki, bizə adyal verin, heç kim yaxına gəlib qardaşımın alovunu söndürməyə kömək etmədi. Yaşlı atam özünü qardaşımın üstünə atdı. Atam da iki qolundan, üzündən yanıq xəsarətləri aldı. Qardaşımın bədəninin 70% yandı. Hadisəni görən xəstəxana işçiləri tez uşağa da, qardaşıma da yardım etdilər. Amma bir az əvvəl deyirdilər ki, limit qurtarıb. Bəs neçə oldu? Qardaşımız bir gün xəstəxanada qaldıqdan sonra elə ordaca vəfat etdi. O, özünü yandırıb getdi, bizi də yana-yana qoydu, balasından çox nigaran idi. Biz istəmirik ki, qardaşımızın qanı yerdə qalsın. İstəyirik ki, tədbir görülsün. Hal-hazırda qardaşımın uşağı xəstəxanadadır. Aidiyyatı qurumlar səsimizi eşitsinlər. Bu haqsızlığa, bu zülmə son qoyulsun. Canını vətəninə fəda etmiş bir qaziyə qarşı bu cür haqsızlıq baş verirsə, hansı vətənpərvərlikdən danışmaq olar?! Bizim dağımız yıxılıb, qardaşımızın aman-zaman oğlu 4 yaşında yetim qaldı. Çox xahiş edirik ki, bu məsələ obyektiv araşdırılsın və müqəssirlər layiq olduqları cəzanı alsınlar”.
 
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top