Davudoğludan Ərdoğana AĞIR İTTİHAMLAR: Dövlət işlərində birinci dərəcəli qohumlar yer almamalıdır


"Dövlət quruluşu insanlara, partiyalara və siyasi baxışlara görə inşa edilməməlidir. Dövlət işləri ilə ailə qurumu qətiyyən ayrılmalıdır. Dövlət işlərində birinci dərəcəli qohumlar yer almamalıdır".
Yeniavaz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, İstanbul Böyükşəhər Bələdiyyəsi sədri vəzifəsinə keçirilmiş seçkilərdə AKP-nin namizədi Binəli Yıldırım 800 min səs fərqi ilə yenidən uduzubsa, bunun səbəbkarı əməldə, danışıqda, əxlaqda və siyasi həyatda ciddi dağıntılara səbəb olanlardır: "13 min səsdən 800 min səsədək səs fərqi yaranıbsa, bunun səbəbi millətin vicdanından, hüququn vicdanından qopmadır. 2015-ci il noyabrın 1-də biz Türkiyədə 49,5 faiz səs topladıq, İstanbulda 48,7 faiz səs qazanıldı. Son yenilənən seçkidə "Cumhur" ittifaqı olaraq 44,9 faiz səs toplanıldı və noyabrın 1-də MHP-yə verilən səslərin 8,9 faiz olduğunu düşünülsə, AKP-nin topladığı səs faizi 34 faiz səviyyəsinə enib".
Ə. Davudoğlu qeyd edib ki, bu gün susma vaxtı deyil: "Bütün gerçəkləri örtərək qapalı qapılar arxasında danışdığımız reallıqları qapılar qarşısında susmaq vaxtı deyil. Bu gün xalqın qarşısında danışmaq vaxtıdır. Ədalətə ehtiyac var. Ədalət son dövrdə elə ikili standart sərgiləyib ki, insanların hüquq sisteminə etibarı sarsılır".
O diqqətə çatdırıb ki, konstitusiya sistemləri insanlara və qurumlara görə qurulmamalıdır: "Dövlət quruluşu insanlara, partiyalara və siyasi baxışlara görə qurulmamalıdır. Lakin bütün xəbərdarlıqlarımıza baxmayaraq, yanlış parlament sistemindən yanlış prezident üsul-idarəsinə keçildi. Prezident Ərdoğana bu sistemin doğura biləcəyi sıxıntılar haqqında 3 saat ərz etdim. Onun əlinə yazılı mətn verdim. Bunu etməyək. Bu sistem üzərində dövlətin quruluşunu inşa edə bilmərik".
Ə. Davudoğlu əlavə edib ki, Türkiyə çox ciddi iqtisadi böhranla mübarizə aparır: "2008-ci ildə olduğu kimi iqtisadi problemlərlə qarşılaşırıq. İqtisadiyyatın başında iqtisadiyyatdan anlayan insanlar varıydı. Sadə bir vətəndaş kimi sizə söz verirəm ki, yanlışları deyəcəm. Prezident vəzifəsi ilə partiya sədri vəzifəsinin birləşdirilməsi həm AKP-yə, həm də prezidentə zərər verib".

DİGƏR XƏBƏRLƏR

Top