Minsk-2019: Hacı Əliyev Avropa Oyunlarının qalibi olub


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində həlledici görüşlər keçirilib.

Öncə bürünc, ardınca qızıl medal uğrunda qarşılaşma keçirilib.

Azərbaycan yığmasının üzvü Hacı Əliyev finalda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə görüşüb. Üçqat dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmaya inamlı başlayıb. O, ilk hissəni 5:0 hesabı ilə xeyrinə bitirib. Təmsilçimiz ikinci yarıda da üstünlüyünü əldən verməyib və iki dəfə uduzduğu Olimpiya, dünya, həmçinin Avropa çempionuna 10:2 hesabı ilə qalib gələrək, Avropa Oyunlarının qızıl mükafatını qazanıb.

H.Əliyevin medalı sərbəst güləş millimizin Minsk-2019-da 5-ci mükafatı olub. Onadək Mahir Əmiraslanov (57 kq) qızıl, zədə səbəbindən bugünkü finala çıxa bilməyən Nurməhəmməd Hacıyev (97 kq) gümüş, Hacımurad Hacıyev (74 kq), Camaləddin Məhəmmədov (125 kq) bürünc medala yiyələniblər.

Qeyd edək ki, bu, Azərbaycan yığması Minsk-2019-da 16-cı medalı olub. İdmançılarımız 2 qızıl, 5 gümüş və 9 bürünc mükafat qazanıblar. (APA)

DİGƏR XƏBƏRLƏR

Top