Azərbaycanın qadın güləşçiləri iki qızıl, iki bürünc medal qazanmaq şansı əldə edib - YENİLƏNİB


Azərbaycanın daha bir qadın güləşçisi Sabirə Əliyeva “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

76 kq çəki dərəcəsində yarışan idmançı almaniyalı Frensi Raedeltlə ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Əliyeva bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) və Elmira Qəmbərova (62 kq) final görüşünə vəsiqəni təmin edib. Onlar həlledici dueldə müvafiq olaraq ukraynalı idmançılarla - Oksana Livaç və Yuliya Tkaçla güləşəcəklər.

1/4 finalda məğlub olan Alyona Kolesnik (57 kq) rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərdə iştirak edəcək. Medal görüşləri sabah keçiriləcək.

*** 19:29

Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

62 kq çəki dərəcəsində yarışan idmançı rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. Qarşılaşmada qələbə qazanan (4:1) Azərbaycan güləşçisi finala yüksəlib.

1/4 finalda məğlub olan Alyona Kolesnik (57 kq) rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, bu gün Sabirə Əliyeva (76 kq) da yarımfinal görüşünə çıxacaq. Mariya Stadnik (50 kq) öncədən finala vəsiqəni təmin edib.

*** 19:08

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.

50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı yarımfinalda türkiyəli Evin Demirhan ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 6:1.

Qeyd edək ki, bu gün həmçinin Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyeva da yarımfinal görüşlərinə çıxacaq. Stadnikin həlledici qarşılaşmada rəqibi ukraynalı Oksana Livaç olacaq. (Report)

DİGƏR XƏBƏRLƏR

Top