Azərbaycanda 150 ailənin taxıl sahəsi yandı


İyunun 12-də saat 23:00 radələrində Şamaxı rayonunun Göylər kəndinin ərazisində təxminən 150 ailəyə (600 nəfərə) məxsus 60 ha biçilməmiş, 100 ha biçilmiş taxıl və 40 ha otlaq sahəsində yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, rayon icra hakimiyyətindən oxu.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hadisənin qarşısının alınması, yanğının ətraf kəndlərə və ərazilərə yayılmaması istiqamətində tədbirlər həyata keçirilib.

Əraziyə Şamaxı, Qobustan, Hacıqabul, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarından yanğınsöndürmə texnikaları və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq texnikaları cəlb edilib. Yanğının bloklaşdırılması məqsədi ilə traktorlar vasitəsilə hadisə baş verən sahənin ətrafı şumlanıb, yanğının ətraf ərazilərə yayılmasının qarşısı tamamilə alınıb.  

Yanğın iyunun 13-də saat 04:20 radələrində söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın baş verən ərazidə yerləşən 1,5 km uzunluqda, 2 il bundan əvvəl relsləri sökülmüş köhnə dəmiryolu şpalları da qismən yanıb.

Yanğın nəticəsində dəymiş ziyan və hadisənin səbəbləri üzrə hazırda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top