Nikola Yurçeviç: “Komanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək”


"İki oyun arasında çox qısa vaxt var. Macarıstanla oyunun nəticəsi bizi məyus etdi". 

Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

Yığmamız AVRO-2020-nin seçmə qrup mərhələsinin IV turunda sabah "Bakcell Arena"da Slovakiyanı qəbul edəcək. Qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis bildirib ki, çətin oyun olacaq: “Komanda ilə söhbət etmişik. Çətin oyun olacaq. Slovakiya çox yaxşı komandadır. Aparıcı klublarda çıxış edən böyük oyunçuları var. Buna baxmayaraq, oyun bizim üçün çox önəmlidir. Hər kəs sabahkı görüşü səbirsizliklə gözləyir".

- Uğursuz nəticələrə görə, bir qrup azarkeş AFFA rəhbərliyini oyun zamanı fitə basmağı planlaşdırır. Bu amil oyun zamanı sizə necə təsir edə bilər və bunun qarşısını almaq üçün azarkeşlərə hər hansı bir sözünüz varmı?
- Bu məsələ ilə bağlı çox məlumatım yoxdur. Ancaq onu söz verə bilərəm ki, komanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək.

- Macarıstanla matçdan sonra AFFA prezidenti paltardəyişmə otağına daxil oldumu və olubsa, nələr dedi?
- Nə görüş baş tutub, nə də prezident paltardəyişmə otağına daxil olub. Bəlkə bu oyundan sonra görüşüb, son iki matçı təhlil etdik.

- Həmin oyunda səhvlər nələr idi?
- Təhlil apardıq, bəzi epizodlardan razı qaldım. Komandanın topa sahib olması, kombinasiyalı oyun... Lakin kifayət qədər təhlükəli olmadıq. Standart vəziyyətlərə hazırlaşmışdıq, lakin belə epizodlardan qollar buraxdıq.

- Rahil Məmmədov yetərincə tənqid olunub. Sabah heyətdə hansısa dəyişiklik görə biləcəyik?
- Azərbaycan millisi üçün 3 gün ərzində 2 oyun keçirmək asan deyil. Komanda buna öyrəşməyib. Zədəli oyunçular var. Futbolçuların fiziki durumunu da izləyəcəm. Macarıstana qarşı çətin oyun oldu. Qət edilən məsafə baxımından heç də geri qalmadıq. Sadəcə, nəticədə geri qaldıq.

- Hər dəfə döyüşmək ifadəsini işlədirsiniz. Azarkeşlərə isə futbol oynamaq lazımdır. Futbol nə vaxt olacaq?
- Artıq 40 ildir futbolun içindəyəm. Hər kəs mübarizə aparan oyunçuları sevir. Razıyam, futbol oynamaq da önəmlidir. Ancaq həqiqət budu ki, futbol oyununda siz tək deyilsiniz, rəqib də var. Rəqibin güclü olması işinizi daha da çətinləşdirir.

- Yığma üzvləri lazımi anda niyə qapıya zərbə vurmurlar? Bu sizin tapşırığınızdır?
- Bu, taktiki tapşırıq deyil. Daha çox tənqid olunan məqamlardan biri də bu idi. Oyunçularımız məşqlərdə çox zərbə vururlar, amma oyunda bunu izləyə bilmirik. Futbolçularımızın rəqibin cərimə meydanında təhlükəli olmasını istəyirik.(APA)

DİGƏR XƏBƏRLƏR

Top