Millimizin baş məşqçisi: Ustalığın çatışmaması özünü göstərdi


Rəqibin bizə qarşı necə oynayacağını bilirdik. Gözlədiyimiz kimi, 10 nəfərlə müdafiə olunurdular. Təəssüf ki, oyun ərzində buraxdığımız bir səhvə görə məğlub olduq. Cinahlardan oyun quraraq rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Ustalıq səviyyəsinin çatışmaması özünü göstərdi. Yəqin ki, bu da futbolçuların qələbə qazanmaq istəklərinin çox olması ilə əlaqədardır. Təbii ki, bu cür nəticə gözləmirdim.

Yeniavaz.com xəbər verir ki, bu sözləri 21 yaşadək millimizin (U-21) baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

“Futbolçular bütün bacarıqlarını maksimum yerinə yetirdilər. Futbol elə bir oyundur ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdır.

Bilirəm ki, biz düzgün yoldayıq. Çox yaxşı təlim-məşq toplanışı keçirdik. Futbolçulara görə çox təəssüflənirəm. Oyun ərzində bir neçə qol imkanı yaratdıq, ancaq istifadə edə bilmədik. Bu oyun bizim üçün bir dərs olacaq”, – deyə o bildirib.

M.Obradoviç söyləyib ki, bu məğlubiyyətin məsuliyyəti özünün üzərindədir: 

“Komanda uduzanda günahkar mənəm. Komanda qalib gələndə bu, futbolçuların qələbəsidir. İstərdim ki, komanda olaraq – həm biz məşqçilər, həm də futbolçular bu məğlubiyyətdən nəticə çıxaraq. Növbəti oyunlara daha çox çalışmalıyıq, daha yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, bu məğlubiyyətlə Lixtenşteyn U-21-i 56 rəsmi oyundan sonra ilk qələbəsini qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top