Elçin Şıxlı Prezidentə məktub yazdı


Azərbaycan Yazıçılar Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Prezident İlham Əliyevə məktub yazıb.


Yeniavaz.com Modern.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

2019-cu il yanvarın 28-də "İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında" imzaladığınız Sərəncama uyğun olaraq atam İsmayıl Şıxlının xatirəsinə həsr edilmiş bir sıra tədbirlər keçirilib.

İndiyədək təşkil olunan bütün bu tədbirlərin fövqündə isə mayın 30-da Dövlət Filarmoniyasının binasında keçirilmiş təntənəli gecə durur.

Tədbirin yüksək səviyyədə keçirilməsi Sizin mədəniyyətimizə, milli yaddaş və tariximizə olduqca həssas münasibətinizin daha bir parlaq təsdiqi və nümunəsi oldu.

Atanız - unudulmaz və hamımızın son dərəcə yüksək dəyərləndirdiyi ümummilli liderimiz Heydər Əliyevin yaradıcı ziyalılara göstərdiyi qayğını bir müddət Yazıçılar Birliyinin rəhbəri olmuş atam İsmayıl Şıxlı çox yüksək qiymətləndirirdi, çünki yazıçı və şairlərimizə ayrılan diqqətin onun özünə də aid olduğunu bilirdi.

Ulu öndər Heydər Əliyev və İsmayıl Şıxlı arasında ətrafdakıların sezə bilməyəcəyi dərəcədə, yalnız ölkə və millət üçün taleyüklü anlarda özünü bütün çılpaqlığı ilə büruzə verən özünəməxsus dostluq münasibətləri var idi.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olaraq gördüyünüz işlərlə Siz atamın xatirəsinə və mənəvi mirasına yüksək dəyər verirsiniz.

Bunun sübutu Sizin ölkə Prezidenti kimi xalqımızın gələcəyi, onun rifahı üçün əlinizdən gələni əsirgəməməniz və yaradıcı ziyalıların qayğısına qalmağınızdır.

Sizin və Mehriban xanımın İsmayıl Şıxlının dünyaya göz açdığı doğma yurdu Qazaxda onun abidəsinin açılışını edərək xatirəsini əbədiləşdirdiyiniz günü isə nə mən, nə də ailə üzvlərimiz unuda bilər.

Yenə də Sizin iradənizlə Bakının mərkəzində, atamın yaşadığı binanın üzərində xatirə barelyefi quraşdırılıb. Bütün bunlara görə Sizə çox minnətdaram.

Zati-alinizə dərin hörmətlə,

Elçin Şıxlı”.

DİGƏR XƏBƏRLƏR

Top