Natiq Cəfərli: Prezidentin yanında çalışmış insanlarla işləyəcəyik


Cümhuriyyət Araşdırmalar Mərkəzi (CAM) üçün siyasi mövqeyin və ya siyasi baxışların heç bir əhəmiyyəti olmayacaq, peşəkarlıq amilinə üstünlük veriləcək.

Bunu Yeniavaz.com-a "Respublikaçı Alternativ" (REAL) partiyasının icra katibi Natiq Cəfərli yeni yaradılan "Beyin Mərkəzi" haqqında açıqlama verərkən deyib.

Onun sözlərinə görə, layihə başlayan zaman hətta əvvəllər Prezidentin yanında çalışmış insanlarla da əməkdaşlıq yaradılacaq: "Biz artıq bu bir il ərzində müxtəlif insanlarla görüşmüşük. Hətta əvvəllər Strateji Araşdırmalar Mərkəzində, yəni Prezident yanında çalışmış insanlarla da təmaslarımız olub və qanun layihələri hazırlanmağa başlandıqca həmin insanlarla əməkdaşlığımız da başlayacaq. Yəni bizim üçün siyasi mövqeyi və ya siyasi baxışlarının heç bir əhəmiyyəti olmayacaq. Peşəkarlıq amilinə üstünlük veriləcək".

REAL-da failiyyətinin davam edəcəyini deyən N.Cəfərli qeyd edib ki, sadəcə uzun müddətdir bu barədə düşünürdük, dostlarla məsləhətləşirdik: "Açığı ölkədə yeni qanunvericilik təşəbbüsləri ilə çıxış edən, yeni mövqe sənədlərini tərəfsiz və ədalətli şəkildə araşdırıb ortaya qoyan belə bir mərkəzin yaranmasında ehtiyac hiss olunurdu. Və əslində elə bu qanunvericilik təşəbbüsü ilə REAL-ın çıxış etməsi, 40 min imza toplaması da bu ideyanın daha da genişləndirilməsinə bir təkan oldu".

Onun fikrincə, müstəqil bir qurumun adından qanunvericilik təşəbbüslərinin həyata keçirilməsi daha obyektiv olacaq: "Biz düşündük ki, yeni qanunvericilik təşəbbüslərini siyasi partiyanın adından deyil, müstəqil bir qurumun, ölkədə tanınmış və REAL-da heç bir üzvlüyü olmayan bir çox nüfuzlu şəxslərlə və peşəkar hüquqçularla birgə işlənib hazırlanmasına və cəmiyyətə təqdim edilməsində ciddi maraq yarada bilərik. Belə olduqda hökumət tərəfindən də bu təkliflər qəbul oluna, dinlənilə və müzakirə edilə bilər. Bir ilə yaxındır ki, bununla bağlı biz öz aramızda düşünür, danışırdıq. Artıq vaxtın çatdığı haqqında qərara gəldik. Ölkədəki ictimai-siyasi vəziyyətlə, qanunvericiliklə və qüvvədə olan qanunların monitorinqi ilə bağlı obyektiv bir araşdırma mərkəzinin yaradılmasına ehtiyac olduğu üçün biz bu "Beyin Mərkəzi"ni elan etdik. Bundan əlavə, biz mövqe sənədləri də hazırlayacağıq. Yəni hər ay ayrı-ayrı mövzularla, problemlərlə bağlı tam araşdırılmış şəkildə mövqe sənədləri də təqdim olunacaq. Və bütün bunlar ictimai-siyasi təşkilatlara və cəmiyyətə açıq olacaq. İstənilən təşkilat da bizim yaradacağımız məhsullradan istifadə edə bilər. Əgər hökumət bizim fəaliyyətimizə maraq göstərərsə, bu daha da yaxşı hal olar".

Qeyd edək ki, N. Cəfərli bu gün öz "Facebook" səhifəsində yeni "Beyin Mərkəzi"nin - Cümhuriyyət Araşdırmalar Mərkəzinin (CAM) təsis edildiyini açıqlayıb. CAM-ın təsisçiləri  Natiq Cəfərli və Vəfa Rüstəmdir.  Mərkəzin İdarə Heyətinə isə Natiq Cəfərli, Vəfa Rüstəm, Erkin Qədirli, Rəhman Bədəlov, Şəhla Hümbətova, Cavad Cavadov və Rəşad Şirinov daxildir.
Bildirilir ki, CAM-ın direktoru Natiq Cəfərlidir, İdarə Heyəti 2 illik təyin edilir.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top