"İslahatlar daha böyük güclə davam etdirilməlidir" - PA-nın sektor müdiri


"Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində vəkillik institutunun inkişafına şərait yaradacaq yeni yanaşmalar tətbiq olunub".

Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş hərbi məsələlər sektorunun müdiri Vüsal İsayev “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında deyib.

O bildirib ki, ASAN Xidmətlə Vəkillər Kollegiyasının imzaladığı memorandum əhaliyə daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə şərait yaradır və bu həm paytaxtda, həm də regionlarda hüquqi yardımın əhatəsinin genişləndirilməsinə səbəb olacaq: "Prezidentin 3 aprel 2019-cu il tarixli sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi üzrə növbəti tapşırıqlar verilib və bu istiqamətdə layihələr hazırlanacaq. Bu ilk belə tapşırıq deyil. Bütövlükdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür. 2017-ilin fevralında Prezidentin humanistləşmə ilə bağlı sərəncamı olmuşdu. Bu bir növ islahatların dalğasına səbəb oldu. Cinayət qanunvericiliyində 300-dək dəyişiklik edildi. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri tətbiq olundu. Bütövlükdə kompleks şəkildə dəyərləndirilmə aparıldı və islahatlar həyata keçirildi. Belə ki, həmin islahatlar 14 minə yaxın şəxsə tətbiq olunmuşdu. 9 minə yaxın şəxs istintaq və məhkəmə dövründə məsuliyyətdən azad olunmuşdu. 1800 şəxs cəzadan azad olunmuşdu ki, onlardan 800 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilmişdi. Hesab edirəm ki, bu islahatlar daha böyük güclə davam etdirilməlidir".

Sektor müdiri söyləyib ki, cəza siyasətinə yeni baxış var və bunun nəticəsi olaraq Azərbaycanda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin sayı ən aşağı səviyyədədir: "Mülki məhkəmə icraatı ilə bağlı fətmanda bir sıra tapşırıq və tövsiyələr mövcuddur. Bura həm ixtisaslaşmış vəkilliyin yaradılması, həm bütövlükdə mülki-prosessual qanunvericiliyin yenidən işlənməsidir. Mülki-prosessual məcəllə 20 il bundan öncə qəbul olunub və onun təkmilləşməsinə ehtiyac var. Gündəlik fəaliyyətində Məcəllədən istifadə edənlərin orada müəyyən boşluqlara və təkmilləşmələrə ehtiyacın olduğu sahələrlə rastlaşırlar. Vəkillər də bununla bağlı təkliflər irəli sürsə, çox yaxşı olar və biz bunu gözləyirik".

V.İsayev qeyd edib ki, fərmanda məhkəmədən kənar üsullara, operativ metodlara böyük önəm verilib: "Bu sahədə son illər böyük addımlar artılıb. 2016-cı ildə Apellyasiya Şuralarının yaradılmasını misal göstərə bilərəm. Statistik göstəricilər deməyə əsas verir ki, 2018-ci ildə Apellyasiya Şuralarına edilən müraciətlər nəticəsində həm Şuranın fəaliyyəti təkmilləşib, həm də müraciətlərə baxılmaların nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yəni sahibkarların hüquqlarının müdafiəsinə etibarlı şərait yaradıb. Məsələn, yerli Apellyasiya Şuralarına edilən müraciətlərin 95 faizindən yuxarı instansiya və Prezident yanında Apellyasiya Şurasına müraciət edilmir. Bu da mühüm göstəricidir". (Report)

DİGƏR XƏBƏRLƏR

Top