Aqil Omarovu şəhid edən erməni snayperin qulluq etdiyi tabor həmin an darmadağın edilməli idi, həmin gün Mübariz İbrahimovun ruhu ağladı.
Bunu Yeniavaz.com-a Milli Məclisin deputatı Aqil Abbas ötən gün mayor A. Omarovun şəhid edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu, Ermənistanın növbəti təxribatlarından biridir: "Ordumuzun mayorunun şəhid edilməsi isə Ermənistanın növbəti təxribatlarından biridir. Bu təxribatdır. Filan eliyənin qarşısında filan şey etməyəndə elə bilirlər səndə filan şey yoxdur. Ona görə də həmin an snayper gülləsinin atıldığı yer, həmin tabor darmadağın edilməli idi, vəssəlam. Artıq burada Paşinyanın və ya o birilərinin nə edəcəyi maraqlı olmamalıdır. Həmin gün Mübariz İbrahimovun ruhu ağladı".
Millət vəkili bu hadisənin ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğal olunmuş Dağlıq Qarabağa və İrəvana səfəri zamanı baş verməsinə də münasibət bildirib: "Mən bilmirəm bu həmsədrlər Bakıda niyə sülənir. Ümumiyyətlə ATƏT-in həmsədrlərini Ermənistanda it yerinə qoyan yoxdur. Onlar da gəlib kababdan yeyib-içib gedirlər".
Qeyd edək ki, ötən gün səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan zabiti, 36 yaşlı mayor Aqil Omarov şəhid olub. O bu gün doğulduğu Qaxın Lələpaşa kəndində torpağa tapşırılacaq.
Şahmərdan Əhmədli